Onlar nə üçün xəstələnir? - Umberto Ekonun hekayəsi
09 Oktyabr 2023 / 10:53
Qnu qnomları - Umberto Ekonun "Üç nağıl" kitabından üçüncü nağıl
Bir vaxtlar nəyin hesabına olur olsun, yeni torpaqlar kəşf etmək istəyən İmperator hökmranlıq edirdi - bəlkə elə indi də edir.
- Əgər mənim gəmilərim, - deyə o əsəbiləşirdi, - qızıl, gümüş və insan ayağı dəyməyən torpaqlarla dolu ərazi tapa bilmirsə, biz orda öz sivilizasiyamızı qura bilmiriksə, onda məndən nə İmperator?
Nazirlər deyirdi:
- Əlahəzrət, bizim planetdə artıq kəşf olunmalı yer qalmayıb axı. Zəhmət olmasa qlobusa baxın.
- Bəs bu aşağıdakı balaca ada necə? - deyə İmperator ümidlə soruşurdu.
- Əgər onu qlobusa salıblarsa, deməli, fəth olunub, - deyə Nazirlər cavab verirdi. - həm də təkcə fəth eləməyiblər, orda artıq kurort da açıblar. Bir də ki, artıq heç kim təzə yerlər kəşf etmək üçün dənizə getmir. Artıq elə şeyləri kosmosda axtarırlar!
- Elədirsə, mənim Qlaktika Tədqiqatçımı göndərin! Heç olmasa balaca bir planet tapsın!
Qalaktika Tədqiqatçısı (dostları onu sadəcə QT çağırırdı) sivilizasiya qurmağa yararlı, heç olmasa az da olsa əhalisi olan planet tapmaq üçün hüdudsuz kosmos məkanını dolanmağa başladı.
Amma onun rastına ancaq qayalı planetlər, səhra planetlər, göyüzünə alov püskürən vulkan planetləri çıxırdı. Əhalisi olan qəşəng planet isə heç yerdə görünmürdü.
Və gözəl günlərdən birində QT teleskopla müşahidə aparanda kosmosun lap uzaq künclərindən birində gözəl planet gördü. Planet elə gözəl idi ki: üstünə buludlar səpələnmiş masmavi göyüzü, bircə baxışdan adama rahatlıq verən yaşıl meşələr və çəmənlər...
QT planetə bir az yaxınlaşandan sonra çəmənlərdə otlayan heyvanları və heyvanların arasında gəzişən bapbalaca adamları gördü. Balaca adamlar bir az gülməli görünürdü, amma yenə də qəşəng idilər. Onlar ağac kəsir, quşları yemləyir, ot biçir, ya da çaylarda və arxlarda çimirdilər. Çayların suyu o qədər şəffaf idi ki, suyun altındakı minlərlə rəngbərəng balıqlar görünürdü.
QT eniş etdi, kosmik gəmidən düşən kimi balaca adamlar onu əhatəyə aldı. Onlar gülümsəyib dedilər:
- Xoş gəlmisən, əziz yadelli. Biz Qnu qnomlarıyıq. Bizə "Qnu" deyirlər, çünki planetimizin adı Qnudur. Bəs siz kimsiniz və haradansınız?
- Mən Yerin Böyük İmperatorunun Qalaktika Tədqqiqatçısıyam, - deyə QT cavab verdi. - Mən sizi kəşf etməyə gəlmişəm.
- Əcəb işdir, - ən qoca qnom dedi, - biz də sizi kəşf etdiyimizi fikirləşirdik.
QT cavab verdi:
- Yox-yox, mən sizi kəşf etmişəm! Biz axı yerdə yaşayırıq, sizin varlığınızdan xəbərimiz yoxdur. Buna görə də, mən bu planeti əlahəzrət İmperatorun mülkiyyəti elan edirəm ki, o, burda öz sivilizasiyasını qura bilisin.
Qoca qnom dedi:
- Düzünə qalsa, heç bizim də sizin varlığınızdan xəbərimiz yox idi... Amma belə xırda şeyə görə kefimizi korlamaq lazım deyil. Yaxşısı budur, deyin görək sizin sivilizasiyanız nədir ki, onun bizə yarayacağını iddia edirsiniz?
- Sivilizasiya, - QT cavab verdi, - Yer əhalisinin kəşf etdiyi gözəl şeylərdir ki, İmperator onları sizə hədiyyə etməyə hazırdır!
- Əgər hədiyyədirsə, onda tezliklə onları qəbul etmək istəyirik. Düzdür, bəy verən atın dişinə baxmazlar, amma hər halda, sivilizasiyanın nə olduğunu bizə bir-iki kəlmədə izah edə bilərsiniz? O təhlükəli deyil ki?
Bu bir az QT-nin xətrinə dəydi. Çünki orta məktəbdən yadında qalmışdı ki, kəşfiyyatçılar kəşf etdiyi yerə sivilizasiya aparanda yerli əhali onu sorğu-sualsız qəbul edib. Amma o Yerin sivilizasiyası ilə o qədər fəxr edirdi ki, o saat kosmik gəmisindən teleskop gətirib onu Yer planetinə tuşladı:
- Baxın və öz gözünüzlə görün! - dedi.
- Gör ha! Nə qəşəngdir! - deyə teleskopu görən qnomlar pıçıldaşdılar. Sonra növbəylə yaxınlaşıb Yerə baxmağa başladılar.
- Mən heç nə görmürəm axı! - Birinci qnom dedi. - Hər yer duman içindədir.
QT özü də teleskopa baxıb üzr istəmək məcburiyyətində qaldı:
- Səhvən teleskopu şəhərə tuşlamışam. Başa düşürsünüz də, zavodların bacaları, maşınların tüstüsü... ona görə dumandan göz-gözü görmür.
- Hə, əlbəttə, - qnom dedi - hərdən bizdə də hava tutqun olur, biz heç dağların zirvəsini də görə bilmirik. Eybi yox, sabah hava açılar, sizə də bizə "şəhər" adlandırdığınız şeyi göstərərsiniz.
- Təəssüf ki, alınmayacaq. Bu duman heç bazar günü də çəkilən deyil.
- Heyif! - Qnom dedi.
- Bəs bu nə sudur? - İkinci qnom soruşdu. - Ortası qara, qıraqları tünd qəhvəyi.
- Həə, ola bilsin teleskopu dənizə tuşlamışam. Bilirsiniz, dənizdə tankerlər üzür, hərdən tankerlərdəki neft dənizə tökülür, sahildə isə... adamlar öz zibillərinə həmişə nəzarət eləmir. Olur ki, o zibillər dənizə tökülür, necə deyim... hər cür tullantılar.
- Yəqin dənizin kakaşla dolu olduğunu demək istəyirsiniz, - deyə ikinci qnom dilləndi və bütün qnomlar gülməyə başladı, çünki "kakaş" sözü onları bərk güldürürdü.
QT cavab vermədi və ikinci qnom dedi:
- Heyif!
- Bəs bu boş qablarla, zərli kağızlarla dolu, ağacsız boz düzənlik haradır? - Üçüncü qnom soruşdu.
QT teleskopun hara tuşlandığına baxıb dedi:
- Bura kənd yeridir. Etiraf etməliyəm ki, ağac kəsmək məsələsində çox qabağa getmişik. Bir də ki, bəzi adamların plastik paketləri, konfet və saqqız kağızlarını, marmelad bankalarını hara gəldi atmaq kimi axmaq xasiyyəti var.
- Heyif! - üçüncü qnom dedi.
- Bəs bu dəmir qutular nədir belə? - Dördüncü qnom soruşdu. - Yolda bir-birinin dalınca düzülən qutuları deyirəm.
- Onlar maşındır da! Bizim ən gözəl ixtiralarımızdan biri. Maşının köməyilə bir göz qırpımında bir yerdən başqa yerə getmək olar.
- Bəs onda maşınlar nə üçün getmir? - Qnom soruşdu.
- Bilirsiniz, - QT etiraf etməyə məcbur oldu, - maşınlar həddindən artıq çoxalıb, ona görə də yollarda tıxaclar olur.
- Bəs o yol qırağındakı şikəstlər kimdir? - Qnom sorğu-suala davam etdi.
- Onlar tıxac olmayanda həddindən artıq sürətlə sürənlərdir. Təəssüf ki, hərdən yollarda qəza da baş verir...
- Hə, aydındır, - qnom dedi, - sizin bu qutular çoxalanda gedə bilmirlər, gedəndə isə içində oturan adamları şikəst edirlər. Heyif, heyif...
Nəhayət, qoca qnom dilləndi:
- Bağışlayın, cənab kəşfiyyatçı, məncə daha artıq baxmağa ehtiyac yoxdur. Bəlkə də sizin sivilizasiyanın maraqlı tərəfləri də var, amma siz onu bura gətirsəniz, biz öz çəmənlərimizdən, ağaclarımızdan, çaylarımızdan məhrum olub pis yaşayacağıq. Olar ki, siz heç bizi kəşf etməyəsiniz?
- Axı biz o qədər yaxşı şey yaratmışıq! - QT əsəbiləşib dedi. - Misalçün, sizin xəstəxanalarda vəziyyət necədir? Bizdə hamısı əntiqə vəziyyətdədir.
- Xəstəxanalar nəyə lazımdır? - Qoca qnom teleskopa baxa-baxa souşdu.
- Siz lap vəhşisiniz ki! Xəstəxanalar xəstələnən adamları müalicə etmək üçün lazımdır.
- Onlar nə üçün xəstələnir? - Qnom soruşdu.
QT təmiz özündən çıxdı.
- Siz nə danışırsınız? O aşağıdakı cənabı görürsünüz? O, çoxlu siqaret çəkib, indi onun ağ ciyərini dəyişirlər, çünki özünkü qapqara olub. İndi bu birisinə baxın. O, bizim "narkotik" adlandırdığımız şeylərdən istifadə edib, indi xəstəxanada onu çirkli iynələrdən qanına keçən infeksiyadan müalicə edirlər. Bu birisi ayağını motosikl qəzasında itirdiyi üçün ona plastmas protez qoyurlar. Bu birisinin mədəsini yuyurlar ki, qarnına doldurduğu keyfiyyətsiz qidaları təmizləsinlər. Xəstəxanalar, bax, bunun üçün lazımdır! Bəyəm bu gözəl tapıntı deyil?
- Tapıntı barədə mübahisə edə bilməyəcəyəm, - qnom dedi, - amma biz nə siqaret çəkirik, nə narkotikdən istifadə edirik, nə də motosikl sürürük. Və ancaq bağlarımızda, bostanlarımızda yetişdirdiyimiz təzə qidalardan istifadə edirik. Buna görə də, nadir hallarda xəstələnirik. Sağalmaq üçünsə təpələrin arasında yaxşıca gəzinti kifayətdir. Yeri gəlmişkən, cənab kəşfiyyatçı, bəlkə biz gedib Yer planetini kəşf edək?
- Nə üçün? - QT çaşqınlıq içində soruşdu. O, özünü daxilən narahat hiss eməyə başlamışdı.
- Çünki biz çox gözəl bostan və bağ salırıq, yeni ağaclar əkib köhnələrin qulluğunda dayanırıq. Biz bütün o plastik paketləri və qabları yığıb çəmənlikləri təmizləyə bilərik. Bundan başqa, yarpaqlardan tüstü bacaları üçün filter düzəldərik və Yer əhalisini başa salarıq ki, ömür boyu maşınlara bağlı qalmaqdansa, piyada gəzmək nə qədər xeyirlidir. Biz hələ çox şey edə bilərik. Bəlkə bir neçə ildən sonra sizin Yer planeti də Qnu kimi gözəl yer oldu.
QT çalışan qnomları müşahidə edə-edə təsəvvür etdi ki, onun (və bizim) Yer planeti nə qədər gözəl ola bilərdi.
- Yaxşı, - dedi, - evə qayıdıb İmperatora hər şeyi danışaram.
QT Yerə qayııb gördüklərini İmperatora və Nazirlərə danışdı. Amma Baş Nazirin etiraz etmək üçün səbəbi çox oldu:
- Qnu qnomlarını bura buraxmamışdan qabaq hər şeyi yaxşı-yaxşı fikirləşmək lazımdır. Onlar pasport almalıdır, emiqrant rüsumu ödəməlidir, daimi yaşayış yerində qeydiyyata düşməlidir, üstəlik, onların fəaliyyətini şəhər kommunal xidmətində, meşə təsərrüfatı, eləcə də, gömrük idarələrində qeydiyyatdan keçirtmək lazımdır.
Baş Nazirin başı o qədər qarışdı ki, başqa Nazirin tüpürdüyü saqqızın üstünə çıxıb sürüşdü, yıxılıb hər iki ayağını sındırdı, dodağını, alnını partlatdı, burnunu, çiynini və başını əzdi, hər əlinin bir barmağı isə həmişəlik qulaqlarına girib qaldı. Bunun ardınca bir anlaşılmazlıq baş verdi, nəticədə Baş Naziri küçəyə, zibil torbalarının yanına atdılar, o da maşın tüstüsü uda-uda duman içində qaldı.
Bizim hekayəmiz burda yekunlaşır. Təəssüf ki, hamının uzun və xoşbəxt yaşadığını deyə bilməyəcəyəm. Qnu qnomlarının haçansa bura gələcəyini də demək çətindir. Amma əgər gəlib çıxmayacaqlarsa - onda onların Yerdə etmək istədiklərini həyata keçirtməyimizə nə mane olur?
Tərcümə: Həmid PİRİYEV