Sənət və ədəbiyyat dərgisi

Vaxtsız qonaq - İmir Məmmədlinin yeni hekayəsi

03 Oktyabr 2022 / 09:23

        

 

İmir Məmmədli

 

VAXTSIZ QONAQ

                                                  

Nikbur yetim idi. Özü bu barədə danışmağı sevmirdi. Deyirdi, bu söhbətlər ürəyimə nisgil gətirir. Alnıma yazılıbmış, vəssalam.

Alın yazısı isə belə idi ki, Nikbur üç yaşında ikən valideynləri bir-birinin ardınca dünyalarını dəyişib, körpəni böyük əmisinin ümidinə qoydular.

Nikbur  orta məktəbi əmisi yaşadığı kənddə bitirdi. Kənddə olanda, nə olar! Əla bitirdi. Həmin il paytaxtda baytarlıq fakültəsinə girdi. Buna Nikbur da, onun əmisi də çox sevindi, çünki instituta girmək əmisinin evindən çıxmaq demək idi.

O, təhsil aldığı illərdə tələbə yataqxanasında qaldı. Orada qala-qala işindən qalmadı. İşi nə idi? Boş vaxtlarında öz çarpayısı duran küncə çəkilib, institutda inamla yiyələndiyi Dəvəşünaslıq ixtisasına uyğun milli ruhda yoğrulmuş məqalə-monoqrafiyalar yazırdı, yazdıqlarını baytarlıq yönlü qəzet-dərgilərdə çap etdirirdi.

Nikburun həmin dövrdə yazıb-yaratdığı məqalələrdən, monoqrafıyalardan  yaddaşlara həkk olanların adlarını çəkə bilərik. Məsələn: “Dəvəşünaslığa girişin milli çalarları”, “Qozbelliyin xeyirli və ziyanları tərəfləri”, “Odlar yurdunda dəvələrin görünməyən izləri”, “Dəvələrin cütləşmə problemi...”, “Dəvəylə dəvəquşunun oxşar və fərqli cəhətləri”, “Milli dəvə quşu milli dəvə boyda ola bilərmi?”, “Niyə dəvəquşu deyirik?” – Yeri gəlmişkən deyim ki, gənc alimin axırıncı üç məqaləsi xeyli sözə-söhbətə, səriştəli baytarlar arasında fikir ayrılığına səbəb oldu.

Bütün bunlarda Nikbur, bir qəpik də olsun, maddi mənafe güdmürdü. Ancaq mənəvi tamahı böyük idi, ona da nail olurdu, yəni həm yeni fikirli gənc dəvəşünas kimi şöhrət qazanır, həm də milli dəvəçiliyin inkişafına öz töhfəsini verirdi.

Nikbur elm meydanında xeyli ad-san qazanmışdı ki, institutu bitirdi.

Təxminən həmin ərəfədə ataəvəzi əmisi də Allahın verdiyi ömrü bitirdi və belə hallarda olduğu kimi əbədiyyətə qovuşdu.

Nikburun ixtisası, bildiyimiz kimi, Dəvəşünaslıq olduğundan, “onsuz da vətəndə yaxınlarımdan, əzizlərimdən bir kəs qalmadı”, deyib üz qoydu şərqə.

Şərqdə hansı ölkədə çalışdı, dəvəçilik təsərrüfatını harada inkişaf etdirdi, deyəmmərəm, (bilsəm, deyərdim, bilmirəm, nə deyim!), onu bilirəm, orda xeyli pul qazandı, bir ara istədi çalışdığı ölkədəcə evlənsin, ailə qursun, sonra bu fikirdən daşındı, ətrafdakı başıhicablı xanım-qızlar ona dinbacıları olsalar da, milliyyətcə fərqli idilər, odur ki, Nikbur başqa millətdən qız almaqdan, yəni qanı qana qatmaqdan vaz keçdi. Şərqdəki üsyan-inqilablarla səciyyələnən “ərəb baharına” düz doqquz ay qalmış qazandığı pulları da cibinə qoyub vətənə qayıtdı. Başqa sözlə desək, qanlı hadisələri doqquz ay qabaqladı.

Özünün dediyinə görə, qiyamların iyini doqquz ay öncə burnunun ucu ilə hiss etdi, hiss edən kimi də aradan çıxdı.

 

Nikburun anadangəlmə qabaqcadan hissetmə, daha doğrusu, iyiduyma qabiliyyəti var idi. O hadisə ki, öz iyi-qoxusu ilə seçilir, Nikbur onu (öz sözləridir) nə az, nə çox, düz doqquz ay qabaq hiss edə bilirdi.

Kimsə ondan zarafatyana soruşmuşdu ki, bizim barəmizdə nə deyə bilərsən? Heç nə! Niyə? Çünki sizdə olan hadisələrin iyi-qoxusu yoxdur. Bir şey ki, burunu qıcaqlandıracaq qədər iylənmir, onu qabaqcadan müəyyənləşdirmək mümkün deyil.

Nə isə, Nikbur şərqdə qazandığı pulu nimdaş pencəyinin qoltuq cibinə basıb vətənə qayıtdı.

Vətənin baş şəhərində, mikrorayonlardan birində (mikrorayonun adını bilərəkdən demirəm) özünə bir otaqlı mənzil aldı.

Nikbur ömründə ilk dəfə mülkədar sevinci ilə sevindi. Əvvəl də sevinmişdi, amma başqa sevinclərlə sevinmişdi: instituta girəndə tələbə sevinci ilə, maaş alanda, ilk məvacibini alan adam sevinci ilə, şərqə gedəndə qərib sevinci ilə, vətənə qayıdanda vətəndaş sevinci ilə sevinmişdi, lap əvvəllər əmisinin uğurlarına sevinəndə qardaşoğlu sevinci ilə də sevinmişdi, amma bu günə qədər mülkədar sevinci ilə sevinməmişdi. (Mənzil bir otaqlı alsa da), bu sevincə sevinc çatmazdı.

Nikbur öz mənzilində tənha kişi həyatı ilə yaşadı. Dost-aşnanı başına yığdığı vaxt da oldu, etiraf edək ki, ara-sıra, daha dəqiq, əla fürsət düşəndən-düşənə qız-qadın gətirdiyi hallar da oldu, tək-tənha oturub saatlarla televizora baxdığı, gözünü kopyüter monitoruna mərətlədiyi zamanlar da oldu...

Və nəhayət, bir gün (bu, özəl mənzildə gözəl tənhalıq həyatının ikinci ilində baş verdi) Nikbur hiss etdi ki, belə davam etmək olmaz, evlənmək lazımdır, evə xanım gətirmək gərəkdir, oğul-uşaq yiyəsi olmalıdır... Vaxtı ötür, sonra gec olacaq, istədiyi gəlməyəcək, gələni almayacaq.

Bu fikrini qətiləşdirəndən sonra Nikbur bir otaqlı mənzilində pəncərə önündə oturub küçədə o yan–bu yana tələsən xanımların arxalarınca baxa-baxa tanıyıb bildiyi, həm də özünə bab bildiyi qızları xəyalən nəzərindən keçirməyə başladı.

Nağıllarda olduğu kimi qızlar bir-bir onun gözünün qabağından gəlib keçdilər: Bunun boyu xırdadır; o həddindən artıq uzundırazdır; bu çox kökdür; o bir dəri, bir sümükdür; bu qarayanızdır; o ölü kimi ağdır; bu olduqca qaramatdır; o yerli-yersiz deyib-güləndir...

Tanıdığı-bildiyi qızları beləcə irdələyə-irdələyə əmisinin qonşuluğunda, öz gözü qabağında böyüyən Səmayənin üzərində dayandı. Yuxarıda sadalanan qüsurların heç birini Səmayədə tapa bilmədi.

Səmayə filan yerdə, filan klinikada tibb bacısı işləyir, filan məhlədə, filan küçədə, filan evdə öz rəfiqəsi ilə birlikdə kirayədə qalır.

Nikbur əlindəki mobil telefonun düyməsini basdı. Elektron kitabçanı açıb, Səmayənin telefonunu axtardı. Atalar deyiblər: Axtaran tapar. Düz deyiblər, tapdı. Ani tərəddüddən sonra nömrəni yığdı, fikirləşdi, hər şey bəxtə-bəxtdi, bu illər ərzində nömrəni dəyişməyibsə, indicə cavab verəcək.

Xəttin o başında Səmayənin cingiltili səsi eşidildi:

–Alo!

–Salam, Səmayə!

–Salam! Kimdi?

–Mənəm, tanıyammadın?

–Yox, kimdi?

–Səmayə, mənəm!

–Kim?

–Nikbur!

–Nikbur? – Qızın səsində ap-aydın təəccüb hiss olundu.

–Bəli, Nikbur!

–Nikbur, hardan yadına düşdüm?

–Mən səni unutmamışdım ki, yadıma düşəsən. – Nikbur yalan danışdı. Həyat onu öyrətmişdi ki, xoşməramlı yalan günah deyil.

–Necəsən, Nikbur? – qız ani sükutdan sonra soruşdu.

–Mən yaxşı! Sən?

–Mən də yaxşıyam!

Bu sözlərdən sonra araya gərgin sükut çökdü.

–Səmayə!.. Səmayə xanım!

–Bəli, eşidirəm!

–Vaxtın varsa, gəl görüşək!

–Problem var?

–Problem yox, sənə vacib sözüm var.

–Sözün var, de! Eşidirəm!

–Telefon söhbəti deyil.

–Telefon söhbəti deyil?

–Yox, belə şeyləri telefonda deməzlər.

Bu sözlərdən sonra araya daha gərgin sükut çökdü.

–Səmayə xanım!

–Bəli!

–Hə, nə deyirsən, görüşək?

–Nə deyirəm, görüşək deyirsən, görüşək!

Tarım çəkilmiş pauzadan sonra Nikbur özündə cürət tapıb dilləndi.

–Bağışla, unutdum soruşum, ərə-zada getməmisən ki?

–Yox!

–Lap yaxşı! Görüşək!

–Nə vaxt görüşək?

–Bu gün, elə indi!

–Elə indi? Nikbur, belə tələsik məsələdir? – qız özünü bilməzliyə vurdu.

–Tələsik məsələdir! Səmayə, “Çırağban” metrosunun yanındakı “Yəmşək” şadlıq sarayının yanına gələ bilərsən?

–Gələ bilərəm! Mən ora yaxın yaşayıram.

–Ora yaxın yaşadığını bilirəm.

–Hardan bilirsən?

–Quş xəbər verdi.

–Nikbur, məzələnirsən?

–Bilirəm. Hardan bilməyimin nə mənası var?

–Mənası var!- qız bir az nazlandı.

–Yaxşı, görüşəndə deyərəm. (sükut). Yarım saata “Yemşəy”in yanında ol.

 

...Nikbur metrodan çıxan kimi, “Yemşək” şadlıq sarayına sarı yönəldi. Səmayə onu şadlıq sarayının düz pilləkənlərinin ağzında gözləyirdi.

Nikbur qızın yanına çatanda ona əl uzatmadan salamlaşdı:

–Bir daha salam, Səmayə!

–Salam, Nikbur.

–Gözəlləşmisən!

–Yaxşı bir!

–Əslində sən həmişə gözəl idin!

–Yaxşı, məni utandırma!

–Səmayə!...

–Hə, Nikbur!

–Mənim elə yaşımdır ki, artıq mus-mus deməyə vaxtım yoxdur.

–Sənin nə yaşın var ki!?

–Var! Birbaşa sözümün canına keçəcəm. Sən də “hə”ni, “yox”unu birbaşa de!

–Hələ bilmirəm, nə deyirsən! Bilmədiyim şeyə necə hə-yox deyim?

–Qulaq as, indicə biləcəksən. Mənim artıq evlənmək vaxtım çatıb. Sənin də ərə getmək vaxtındır... Dünyanı gəzdim dolaşdım. Bir-iki dəfə az qala başqa millətin qızıyla evləndim, sonra fikrimdən daşındım, necə deyərlər, qanımı yad qana qatmaq istədim...

–Yaxşı eləmisən!

–Həm də, bircə an da olsun, səni unuda bilmədim, - Nikbur yenə xeyir işin xətrinə yalana yol verdi, - harda olsam da, sürətin gözümün qabağından getmədi. Əslində, yadla evlənməyə sən qoymadın!

–Mən qoymadım?!

–Sənin xatirən qoymadı! (pauza). İndi gəlmişəm. Evim var, işim var! Qalıb ailə qurmağım. İstəyirəm səni özümə arvad alım! Nə deyirsən?

–Nə deyim?...

–Sənə iki gün vaxt verirəm, fikirləş, cavabını de! Mənim telefon nömrəm səndə var, bayaq zəng edəndə telefonuna düşərdi.

–Yaxşı, fikirləşib cavabımı deyərəm!

–İki gün gözləyəcəm. Di sağ ol.

Onlar görüşdükləri yerdəcə ayrıldılar. Biri sağa getdi, digəri - sola.

 

         Nikbur təzəcə qapını açıb bir otaqlı mənzilinə keçmişdi ki, mobil telefonuna zəng gəldi. Baxdı, Səmayə idi. “Yes” düyməsini basıb açdı.

–Alo!

–Mənəm.

–Eşidirəm, Səmayə!

–Razıyam!

–Razısan?

–Hə, razıyam!

–Razısansa, ta o kirayə evində niyə qalırsan!? Gəlim səni gətirim.

–Elə indi aparacaqsan?

–Elə indi! Qalan işə qar yağar... Hazırlaş, gəlim səni götürüm.

–Mən hazıram... Bir sumka barxanam var, vəssalam...

–Eləsə, gəlirəm.

–Dayan!

–Nə oldu? Fikrini dəyişdin?

–Yox... Bura gəlmə... Metronun ağzına gəl... Yaxşı?

–Yaxşı! İyirmi dəqiqəyə, “Çırağban” metrosunun qabağındayam.

Telefonu əvvəlcə oğlan, sonra qız söndürdü.

 

Nikbur metrodan çıxanda gördü əlisumkalı Səmayə çıxış qapısının ağzında durub onu gözləyir. Qolundakı saata baxdı, düz iyirmi iki dəqiqə keçmişdi. Oğlan qıza yaxınlaşan kimi əlini atıb sumkanı götürdü.

–Eybi yox, ağır deyil, özüm götürərdim!...

–Ayıb deyil, yanında bu boyda kişi ola-ola, cehizini özün daşıyasan?!...

–Cehiz deyəndə ki... İki don, üç yubkadır. – Səmayə bu sözləri deyib metronun girişinə tərəf döndü.

–Hara gedirsən?

–Metroyla getmirik?

–Gəlini metroya apararlar!? Gəl, bir taksi tutaq, özümüzə layiq gedək... Belə daha urvatlı olar...

 

Əlisumkalı Nikbur bir addım qabağa düşdü. Yolun qırağında duran taksiyə yaxınlaşdı, yarıaçıq pəncərəyə tərəf əyilib sükan arxasında oturan sürücüyə nəsə dedi, sürücü razılıq əlaməti olaraq başını yelləyəndən sonra, təzə bəy arxa qapını açdı, yol verib əvvəlcə gəlini içəri buraxdı, sonra özü də onun yanında əyləşdi.

 

Güclü həyacandan əli titrəyən yanısamayalı Nikbur bir otaqlı mənzilinin qapısını bir təhər açdı. Ürəyində fikirləşdi, bu qapını hələ belə çətin açmamışdım. O, duruxsunanda Səmayə elə bildi, bəy ona yol verir. Odur ki, bu möhtəşəm andan etibarən öz qanuni mənzilinə keçmək istədi.

         –Dayan! – Nikbur gəlini əliylə saxladı. Karıxmış qız onun üzünə baxdı. –Tələsmə! Hər şeyin öz qaydası var! – Nikbur bunu deyərək hövləng içəri keçdi. Sumkanı dəhlizdə qoyub darısqal mətbəxə qaçdı. Oradan bir dənə boşqab götürüb beləcə tələsik gətirib astanada qızın ayağının altına qoydu.

         –Sındırım?

  –Sındır, elə keç! Qoy hər şey adət-ənənəmizə uyğun olsun!

Smayə sağ ayağını vurdu, boşqab sınmadı, bir də vurdu, yenə sınmadı.

Dönüb məyus-məyus Nikburun üzünə baxdı.

  –Atalar üçdən deyib. Bir də vur, ancaq bərk vur! 

Səmayə üçüncü dəfə var gücüylə vurdu, boşqab sındı.

  Qız həmin anda şərait imkan verdiyi qədər təntənəli surətdə mənzilin

qapısından keçdı.

      Doğrudan da, elə bil otaq işıqlandı. Buradakı cansıxıcı tənhalıq havası bir an içində yoxa çıxdı. Bunu Nikbur da hiss elədi. Odur ki, dönüb qıza dedi:

           –Sən rahatlan, paltarını dəyiş, mən gedim “Super Market”dən bir az

yemək, bir şampan alım, toyumuzu qeyd edək.

           –Bu vaxt market açıq olar?

           –Açıq olar, - Nikbur divardakı saata baxdı, - hələ doqquz tamam deyil. Binanın altındakı dükan gecəyarıya qədər işləyir.

 

     Nikbur getdi. On-on beş dəqiqə keçməmiş əlidolu qayıtdı. Kağız cığalalarda çörək, səliqəylə doğranmış kolbasa, pendir, sobada qızardılmış toyuq, bir şüşə şampan və bir botulqa da Narzan suyu gətirdi.

     –Aha, bu gündən bu evin xanımı sənsən. – Gətirdiklərini stolun üstünə qoyaraq dedi,- süfrə açmaq da sənlikdir.

     –Bir bu qədər yeməyi kim yeyəcək?

     –Yediyimizi yeyərik, yemədiyimizi soyuducuya qoyarsan. Bu artıq ailədir, ailənin tədarükü də olmalıdır.

 

     Səmayə üzündə səadət təbəssümü cığalaları boşaltdı, çörəyi, toyuğu səliqə ilə doğrayıb, doğrudan da, gözoxşayan iki nəfərlik toy süfrə açdı.

         Bəylə gəlin süfrə arxasında əvvəlcə üz-üzə, şampanın təsiri öz işini görəndən sonra yanaşı əyləşdilər. yedilər, içdilər, Nikbur bu xudmani səadət toyunun təzəcə qurulan ailənin, gələcək günlərin, olacaq körpələrin şərəfinə sağlıqlar dedi, könüllü-könülsüz bir-iki stəkan Gəlinə də içirtdi.

         İkinci stəkandan sonra dili açılan, ona vəfalı arvad, gələcək qaraşın oğullarına, göyçək qızlarına qayğıkeş ana olacağını vəd edən gəlinin bir-iki dəfə boynundan qucaqlayıb, allanmış üzündən də öpdü.

         Gecəyarı olardı, süfrəni yığışdırıb, ətrafda səliqə-səhman yaradandan sonra Səmayə adamyarımlıq çarpayıda yer sərdi.

         Bir azdan yorğanın altına girməli olan gəlin üçün ilk gecənin nə qədər zəhmli olduğunu nəzərə alan Nikbur əlini yumaq bəhanəsi ilə hamam otağına girdi. Tələm-tələsik dişlərini fırçalayıb, üzünü qoltuğunun altını odekalonladı.

         Bu işlərin hamısını ondan qabaq görən Səmayə fürsətdən istifadə edib paltarını bir göz qırpımında soyunub yatağa girdi.

         Nikbur da hamamdan çıxandan sonra gəlinin etdiyini etdi, yəni əyin-başını soyundu, sonra işığı söndürərək yorğanı ehmalca qaldırıb Səmayənin yanına uzandı.

         Nikbur Səmayəni qucaqladı. Qızın bədəni keçirdiyi həyacan və daxili iztirablardan azca seziləcək dərəcədə titrəyirdi. Ancaq oğlan onu qucaqlayıb özünə tərəf çəkəndə o da qeyri-ixtiyari oğlanı qucaqladı. Dodaqlar yavaş-yavaş yaxınlaşıb bir-birinə yapışdılar.

Nikbur, zərif bədəni tir-tir əsən Səmayəni yarıyadək altına almışdı ki, qapının zəngi çaldı. Oğlan da, qız da olduqları vəziyyətdə donub qaldılar. Dinşiyib diqqət kəsildilər.

     –Gecənin bu vaxtında kimdi, görəsən?  – Nikbur gəlinin qulağına fısıldadı.

     Qapının zəngi bir də çaldı.

     –Adam gözləyirsən? – Səmayə hələ də ehtirası öləzməyən pıçıltıyla soruşdu.

     –Bu vədə kimi gözləyirsən!?

     –Onda açmayaq, çıxıb gedər...

Qapının zəngi yenə çaldı. Bu dəfə zəng xeyli aramsız oldu. Sonra zəng çalan adam qapını əli ilə də döydü. Bir az gözləyib zəngi bir də çaldı.

Nikbur çarəsiz qalıb durub şalvarını geydi,çiyninə pencək salıb qapıya yaxınlaşdı. Gözlükdən baxdı. Dəhlizdə yanan işığın alatoranlığında qapı arxasındakı vaxtsız qonağı tanıya bilmədi. Bu ara zəng bir də çaldı.

Nikbur açarı hirslə fırlayıb qapını açdı.

Qapı arxasında duranı görən kimi hirsi soyudu,əvəzində onu maraq və heyrət bürüdü.

Nikburun qənşərində sarışın, həddindən artıq gözəl bir rus qızı durmuşdu. Qızılı saçları çiyinlərinə tökülən qız qaynar gözləriylə Nikburun üzünə mehribancasına gülümsünürdü.

Nikbur əvvəlcə bu gözəl afəti tanıya bilmədi.

     –Zdrastvuy! (Salam!)

     –Zdrastvuy! (Salam!)

     –Ne uznal? (Tanımadın?)

     –Net! (Yox!)

     –Tvayu Olyu ne uznal? (Öz Olyanı tanımadın?)

     –Aaaa!

Nikburun çox mənalı “Aaaa”-sından sonra yaranan ani pauzadan istifadə edib deyim ki, bundan o yana Olyayla Nikburun arasında rusca olacaq bütün söhbətləri mən öz dilimizdə verəcəm. Niyə? Niyəsi-miyəsi yoxdur, bütün qayda-qanunlara görə belə lazımdır.

Hə, rus qızı “sən öz Olyanı tanımadınmı?” – deyə soruşanda, Nikbur bu sualın qarşılığında “Aaaa!” eləyəndə, ev sahibinin gözbaxışları qızın çamadanına tərəf qaçdı. Nikbur xatırladı ki, rusiyalı qız keçən dəfə iki həftəlik baytarlar konfransına təştif gətirəndə də əlində həmin çamadanı tutmuşdu.

Qonşu ölkələrdən gələn tədbir iştirakçılarının arasında supərisinə oxşayan bu qızı görəndə, Nikbur həmin dəqiqə gözaltılamışdı.

Məqsədinə nail olsun deyə, bu yeri-göyü Olyaya vəd etmişdi. Demişdi, məhəbbət nə olduğunu bilməzdim, səni gördüm, onu da bildim. Bir otaqlı xudmani bir mənzilim var. Mənzilim də sənə qurban, mənim bu baytar canım da. Bu mehmanxanada nə itin azıb, gedək mənzilimi sənə göstərim, orada qal... Kefin çəksə, lap ömürlük qal!...

Bir otaqlı xudmani mənzil söhbəti, bir də ömürlük qalmaq məsələsi qızı tutmuşdu. Bax həmin bu çamadanı da götürüb Nikburun yanına düşmüşdü. Düz iki həftə sərbəsər burada, bu evdə qalmışdılar. İki həftə ərzində aləmin bütün ləzzəti, səadəti bu bir otaqlı mənzilə sığmışdı. Elə olurdu, konfransın bəzi günlərini buraxırdılar, getmirdilər, gedə bilmirdilər. bütün bunlar altı ay öncə baş vermişdi. Olya gedərkən, darıxma, tez qayıdacam, demişdi. Amma Nikbur bu vədi ciddi qəbul etməmişdi, fikirləşmişdi, dedi də, gəldi, kefimi sürdü, indi də çıxıb gedir... Sabah məni heç xatırlamayacaq da.

Amma xatırladı. Özü də necə xatırladı. Həm də hər şey Nikburun ehtimallarının əksinə oldu: Olya Nikburu xatırladı, Nikbur onu xatırlaya bilmədi.

Sanki vaxtsız qonağı içəri buraxmaq istəməyən Nikbur yarıaçıq qapıdan çəkilmədən rusca dedi:

–Mən evləndim.

–Nə vaxt?

–Elə bu gün.

–Demək mən gecikdim.

–Belə çıxır.

–Cəmi bir neçə saat gecikdim.

–Neynəməli...

Yataqda dirsəklənib qadın səsini eşidən Səmayəni maraq bürüdü. Odur ki, gecə xalatını köynəyin üstündən geyinib dəhlizə tərəf gəldi:

–Nikbur, qonağı niyə qapı arxasında saxlayırsan, evə dəvət eləsənə!

–Barı məni evə dəvət elə! – bu ara Olya Nikburun üzünə məyuscasına gülümsünüb dedi, - gör haradan gəlirəm! İt kimi yorğunam, ayaqda güc-bəla ilə dururam.

Nikbur məcbur olub Olyanı içəri buraxdı:

–Səmayə, tanış ol, Olya... Qonşuya gəlib, o da tərs kimi evdə yoxdur. –Nikbur yenə xoşməramlı yalan deməli oldu.

Samaya gülümsünüb əlini Olyaya uzatdı:

–Səmayə!

–Olya.

–Buyurun, otağa keçin!

–Təşəkkür edirəm! – Bunu deyib Səmayənin üzünə qəmli və cəlbedici təbəssümlə gülümsündü:

Səmayənin Olyaya qanı qaynadı:

–Buyurun! Buyurun!

Olya otağa keçəndə gözü adamyarımlıq, tanış çarpayıya tərəf qaçdı. Çarpayının üstü qarışıq idi. Olya burada qaldığı iki həftə ərzində də o beləcə qarışıq olardı, yığmazdılar, yığmağın mənası da yox idi, bir azdan yenə qarışırdı.

Indi isə Səmayə Olyadan üzr istəyib yorğan-döşəyin üstünə tələm-tələsik adyal çəkdi.

–Artıq gecdi, yatırdıq...

–Bağışlayın, narahat elədim.

–Eybi yoxdur. Siz əyləşin. Bu dəqiqə süfrə açım, çay-çörək gətirim.

–Sağ olun...

Xanımların bu cür mehriban ünsiyyətində elə bil Nikbura yer yox idi. Susub oturmuşdu.

Səmayə, bayaq soyuducuya qoyduqlarını bir göz qırpımında süfrəyə gətirdi. Qaz sobasının üstünə çay qoydu.

Olya, demək olar ki, heç nə yemir, çimdənirdi.

–Çəkinməyin, yemək buyurun.

–Adam yorğun olanda, iştahası da qaçır.

–Təsəvvür edirəm.

–Üç gündür yol gəlirəm. (Pauza). Qəribə təsadüfdür, üç aylıq maaşımı qəpik-qəpik yığdım, özümə yolpulu elədim.

–Qonşu gəldiyinizi bilmirdi?

Səmayə bu sualı verəndə, Nikburun dərin köks ötürdüyünü nəzərdən qaçırdı.

–Əslində bilməli idi. - Olya bunu deyib, gözucu Nikbura tərəf baxdı.

–Nigaran olmayın... bu gecə bizdə qalın. O yəqin sabah evdə olar...

–İnanmıram.

–Nikbur onun harda olmasıyla maraqlanar.

 

Səmayə qonağın çayını dəmləmək üçün mətbəxə keçəndə Nikbur onun dalınca getdi.

–O harada yatacaq? – yarıpıçıltılı səslə soruşdu.

–Mənim yanımda! – Səmayə elə dedi, elə bil nigahlarının ilk gecəsi deyildi, elə bil Nikbur ilk sevgi gecəsini yarımçıq qoyub zəhlətökən qapı zənginə tərəf getməmişdi.

–Bəs mən?

–Sən get, tələbə yataqxanasında tanış uşaqların yanında qal.

Mən gedim?

–Bəs bu gecə vaxtı qonağı, üstəlik qadın xeylağını bayıra qovaq!?

–Mən onu çağıra-çağıra gətirməmişəm ki!?

–Görmürsən, yazıq deyir, yol pulumu qəpiyi-qəpiyin üstünə qoyaraq yığmışam... Get bu gecə yataqxanada qal, sabah qonşu gələr, bu da çıxıb gedər!...

Nikbur çarəsiz qalıb getdi. Yataqxanada özünə bir gecəlik yer tapsa da, səksəkəli yatdı. Səhərədək min bir iztirab içində qıvrıldı.

Dan yeri sökülər, sökülməz durub evə tələsdi. Yaxşı deyil, gedib Olyanın biletini alsın, yola salsın. Həm də qadınları uzun müddət tək qoymaq xatalıdır, birdən Olya çay süfrəsi arxasında ağzına gələni danışar. Ona nə var, rusdu, belə bir şeyi ar bilməz...

Nikbur qapının zəngini çalanda ürəyi ayrı cür döyündü. Elə bil şərqdə olduğu kimi burnuna qəribə iyi gəldi. Sonra özünü toxdadaraq fikirləşdi, yəqin ürəyim ona görə belə döyünür ki, birinci dəfədir, öz qapımın zəngini çalıram.

 Içəridən şəpşəpili ayaq səsləri eşidildi. Sonra açar fırlandı.

Qapını Olya açdı.

Nikbur əvvəlcə gözlərinə inanmadı. Ani olaraq fikirləşdi, yəqin Səmayə mətbəxdədir, bəlkə də hamam otağındadır. Hər ehtimala qarşı qapıdan girərkən soruşdu:

–Səmayə hanı?

–Getdi!

–Hara getdi?

–Öz evinə! – Olya bunu deyib qapını bağladı.

–Nə üçün getdi?

–Getdi!.. Həmişəlik!..

–Sən ona nə dedin?

–Heç nə demədim!

–De görüm, sən ona nə dedin?

–Heç nə! O hamilə olduğumu başa düşdü, dedi neçənci ayının içindəsən? dedim, altıncı ayımdayam... Sonra qadınları bilmirsən, bir halda ki, söz açıldı, hər şeyi ona danışdım.

–Sən doğrudan ha-ha-ham..hamiləsən?!

–Bəli,  - Olya gülümsünüb əlini azca dombalmış qarnına çəkdi.

–Altı ayında? Mənim?...

–Bəli, sənin körpən...

 

Sonrakı illərdə Olya əlini düz beş dəfə azca dombalmış qarnına çəkib Nikburu müjdələməli oldu. Nikbur belə anlarda ilk dəfə sevindiyi kimi sevindi.

 

  

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.