Sənət və ədəbiyyat dərgisi

İki görüş - İmir Məmmədlinin hekayəsi

30 Yanvar 2024 / 12:01

İmir Məmmədli

        

         İKİ GÖRÜŞ

Həyat, doğrudan da, insana verilən bir məqamdır, ona, illərcə uzanan bir an da demək olar. Bəzən bu anın o başında və bu başında baş verən hadisələr bir-birinə çox oxşayır, sadəcə həmin oxşarlığı (az qala eyniliyi) görmək lazımdır.

...Yay ayları idi. Kəndə şəhərdən bir qız gəldi, bir qız gəldi ki, gözəlliyini  təsəvvür etmək mümkün deyil. Qızın 20-25 yaşı olardı. Mən onda 6 yaşımda idim. Həmin qızı görən kimi vuruldum. Bilmirəm, bu səmimi uşaq məhəbbəti idi, bilmirəm, nə idi, amma sevdim. Qızı görəndə utanırdım, özümü yığışdırıb çalışırdım, əsl kişi kimi davranım.

Bir axşam saçımı (kəkilimi) isladıb səliqə ilə daradım. Kəndə çıxdım ki, gedim “sevgilimi” görüm. Axşamlar yeniyetmə qızlar və oğlanlar kəndin ortasında, bulağın yaxınlığında “birjaya” toplaşar, deyib-gülər, müxtəlif oyunlar oynayardılar. Mən də qızı görmək ümidi ilə həmin yerə üz tutdum.

Evdən xeyli aralanmışdım ki, Allahdan olan kimi, həmin xanım qənşərimə çıxdı. Mən, balaca əllərimi ciblərimə qoyub, yanından guya saymaz yana keçib getmək istədim. Amma istədiyim kimi edə bilmədim. Biz bir-birimizə yaxınlaşanda qız ayaq saxlayıb:

–Hara gedirsən? – deyə soruşdu.

Onun mənimlə maraqlanmağı sevgimi lap alovlandırdı. Düşündüm, demək o da mənə qarşı laqeyd deyil. Odur ki, qəlbimdə tüğyan edən həyacanı  cilovlayıb:

–Gəzintiyə çıxmışam - dedim.

Mən bu kəlməni deyəndə o mənə yaxınlaşıb əlimdən tutdu.

İlahi, onda necə hisslər keçirdiyimi anlatmaq üçün nə söz var, nə səs, nə də rəng...

Əlimi verdim qızın əlinə. Onun əlinin istisi canıma yayıldı.

Qız, beləcə əlimdən tutub, məni gəldiyim yolla geri evə tərəf apardı. Mən qəddimi düzəldib onun yanıyla əsl kişi kimi gedirdim. İstəyirdim, bütün kənd bizə tərəf baxsın, görsünlər sevənlər necə olur! Görsünlər, biz bir-birimizə necə yaraşırıq! 20-25 yaşında gözəl bir qız və 6 yaşında oğlan kəndin ortasından beləcə keçib gəlib bizim evə çatdıq. Mən təsəvvürümdə evə gəlin gətirirdim. O isə anamı görcək məni ona təhvil verərək dedi:

–Şamama xala, uşağınız o tərəfə gedirdi, hava qaralır, dedim, Allah eləməsin, birdən itib eləyər, budur, götürüb gətirdi.

Mən başımı qaldırıb qızın üzünə qəzəblə baxsam da, aşıq demiş, sındı qol-qanadım yanıma düşdü.

 

Aradan altmış il keçdi. Bəli, bəli, nə az, nə çox, düz altmış il. Mənim indi 66 yaşım var.

Bu günlərdə  işlə bağlı bir idarəyə getməli oldum. Məni masa arxasında oturan gənc, həm də çox gözəl bir xanım qarşıladı. Əvvəlcə ötəri bir nəzər saldım, sonra, nəsə xatırlayırmış kimi, qeyri-ixtiyari xanımın üzünə zilləndim. Tanrım, bu ki, 60 il öncə uşaq səmimiyyətiylə sevdiyim həmin o qıza oxşayır, oxşayır yox ey, sanki onun özüdür, həm də onu kimi 20-25 yaşında ola-olmaya. Sanki aradakı zaman heç keçməyib, sanki həmin yay axşamının davamıdır...

Təbii ki, qıza heç nə demədim, gözümü onun üzündən çəkərək karıxıb qaldım.

İş uzandı, sənədləri diqqətlə nəzərdən keçirib yerbəyer eləmək lazım idi. Xanım nədənsə narahat olduğumu hiss etdi.

–Bilirəm, uzun çəkdi, amma darıxmayın, iş bunu tələb edir, - dedi.

Mən də qəlbimdəki qəribə duyğuları bir növ üzə verərək hazırcavablığımdan qalmadım:

–Xanım, işin uzanmağı problem deyil, - dedim, - məsələ burasındadır ki, insan çox oturduğu yerə tədricən adaptasiya olur, öyrəşir. Qorxuram, mən gedəndən sonra bura üçün darıxım.

Bu sözümün müqabilində qız üzümə elə gülümsündü ki, uzun illərin arxasında qalan həmin yay günəşinin qəlbimə süzülən ilıqlığını ap-aydın hiss etdim.

Az qala demişdim – Siz də məni tanıdınızmı? –  amma vəziyyəti tez dəyərləndirib özümü ələ aldım. Odur ki düşündüm, görünür, hələ qocalmamışam, hələ üzümdə gəncliyimin havası sezilir.

Bu cür isti duyğuların qoynunda idim ki, gənc xanım otağa daxil olan iş yoldaşıma üz tutub:

–Müəllim yaşlı adamdır, qılımından hiss edirəm ki, bərk darıxır. Qoy o getsin, sənədlər hazır olanda siz apararsınız, - dedi.

Qızın üzünə gileyli bir nəzər saldım. Sağollaşıb qapıya tərəf getdim. Otaqdan çıxanda hiss etdim ki, arxamca baxır... Bəlkə də heç baxmırdı, kim bilir.

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.