Sənət və ədəbiyyat dərgisi

Mədinənin psixologiyası - Kamran Imranoğlunun hekayəsi

05 Mart 2024 / 10:45

Kamran Əliyev

(Bu gün görkəmli alim, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, məhrum Kamran Əliyevin doğum günüdür) 

 

 

Mədinənin psixologiyası

(hekayə)

 

“Gənclik” hekayəsi: Mədinənin psixologiyası

Kamran İmranoğlu çoxsaylı hekayələrin müəllifidir. Bu hekayələrdən biri də "Gəlincik” adlanır. Müəllif hekayədə Mədinənin timsalında cəmiyyətdə baş verən proseslərə yığcam bədii lövhələrlə toxunmuşdur. Hekayədə Mədinənin şəxsində abituriyentlik dövründəki tələbələrin psixoloji problemləri, onlara qarşı olunan təzyiqlər, stresslər öz əksini tapmışdır. Həmin dövrü yaşayan abituriyentlər hekayədəki hadisələri daha yaxşı başa düşərlər.
Həmçinin hekayədə valideyn-övlad münasibətlərinə, xüsusilə ana-qız arasındakı qarşılıqlı əlaqələrə toxunulur. Həyatımızda müəllimlərin önəmindən, onların bizə doğru qərarlar vermək üçün göstərdikləri istiqamətlərdən də söz açılmışdır. Əsəri təhlil edərkən qısa bir hekayənin bir çox əsas mövzulara toxunduğunun fərqinə varmaq olur.

"Mədinənin universitetə qəbul olunması hamını sevindirmişdi. İki il gecə-gündüz bilmədən imtahanlara hazırlaşan Mədinənin onu təbrik etməyə gələnlərə ürəkdən dediyi bir söz vardı: bu iki ildə bir dəfə də olsun televizora baxmamışam, bizim evdə heç internet də yoxdur. O sözləri eşidənlər də əməlli-başlı təəccüblənir və öz-özlərinə sual verirdilər ki, necə ola bilər, Mədinə bir dəfə də olsun televizorun qabağında oturmasın, bir verilişə baxmasın, bir mahnıya qulaq asmasın? Mədinənin bu iki ildə televizordan uzaq durmasına şübhə edənləri isə Mədinə and-aman eyləyə-eyləyə inandırmağa çalışır və çətin də olsa, inandırırdı”. Burda müəllif abituriyentlərin həmin dövrdə özlərini əlavə vasitələrdən (kompyuter, televizor və digər avadanlıqlardan) uzaqlaşdırmasını və onların yüksək nəticə əldə etmək üçün bəzi məhdudiyyətləri yaşamaları mövzusuna toxunur.

"Mədinə söyləyirdi ki, məktəb illərində müəllimlərimiz bizə nə qədər desən öyüd-nəsihət, məsləhət veriblər, amma onların bəzisi yadımızda qalıb, bəzisi yox. Kimya müəllimimiz həmişə atalar sözləri ilə danışardı. Ən çox sevdiyi və tez-tez təkrar elədiyi bu idi ki, müəlliminə kəm baxanın gözlərinə qan damar. Kefimizin çağ vaxtında uşaqlardan biri belə atalar sözünün olmadığını ona xatırladanda müəllim də tövrünü pozmadan cavab verdi ki, atalar sözləri illər keçdikcə dəyişilir, yeniləşir. Elə xalqın böyüklüyü də ondadır ki, öz kəlamlarını təzələməyi bacarır. Sizə tanış gəlməyən həmin atalar sözünü bundan sonra çox eşidəcəksiniz. Daha bundan sonra heç kəs dinmədi. Kimya müəlliminin həmin sözlərinə sinifdə kimin inanıb-inanmadığını deyə bilmərəm. Amma onuncu sinifdə oxuyanda ədəbiyyatdan məni imtahana hazırlaşdıran Qəni müəllimin bir izahı gecə-gündüz yadımdan çıxmırdı. O deyirdi ki, söz yalnız deyilən və eşidilən deyil, gördüyün hər bir adamın özü də, hərəkəti də sözdür. Bu sözlərin sayı artdıqca insan yorulur, fikrini heç cür bir yerə cəmləşdirə bilmir. Ona görə də imtahanlara hazırlaşdığınız dövrdə televizora, kinoya baxmağı, ad gününə, toya getməyi birdəfəlik yığışdırın. Elə ki, ali məktəbə qəbul oldunuz, tələbə biletini alıb cibinizə qoydunuz, ondan sonra daha özünüz bilərsiniz, kinoya-minoya, toya-moya gedərsiniz nə yaxşı, getməzsiniz nə yaxşı! Mənim iki il televizora baxmamağımın səbəbi də məhz Qəni müəllimin bu sözləri olmuşdu.” Hekayənin bu hissəsində müəllimlərin abituriyentlərin həyatındakı önəmindən danışılır. Müəllimlər, sadəcə, dərs keçmir, həmçinin abituriyentlər üçün olan çətin bir mərhələdə onları istiqamətləndirir, səhv addımlar atmaqdan uzaqlaşdırmaq istəyirlər. Hekayədə müəllim uca tutulur, kimya müəlliminin işlətdiyi ifadə də buna bariz nümunədir: "Müəlliminə kəm baxanın gözlərinə qan damar”.

Qəni müəllim obrazı ilə Mədinənin dilindən tanış oluruq. Burada müəllif sözlə bağlı düşüncələrini Qəni müəllimin dilindən oxuculara çatdırmışdır. Müəllif hekayəsində sözün insan həyatındakı rolundan bəhs etmişdir. Hekayədən də gördüyümüz kimi Qəni müəllimin fikirləri Mədinənin abituriyentlik dövrünə öz təsirini göstərmişdi. Qəni müəllim şagirdlərinə abituriyentlik dövründə gəzintilərə getməməyi, bu dövrü, sadəcə, dərs öyrənməklə keçirməyi tövsiyə edirdi. Görünür ki, Mədinənin televizor, mobil telefon, şənliklərdən uzaqlaşmağının səbəbi də elə Qəni müəllimin özü olmuşdur və bunu müəllif də hekayəsində qeyd etmişdir.

Hekayənin həyat həqiqəti ilə bağlı olması barədə deyə bilərəm ki, bu hekayəni oxuduğum zaman ən diqqətimi çəkən hissə bu olmuşdu. Çünki öz abituriyentliyim dövründə də bununla rastlaşmışdım. Sosial şəbəkədən uzaqlaşan, televizora baxmayan, musiqi dinləməyən, hətta insanlarla çox ünsiyyət qurmayan birinə çevrilmişdim və bu qərarın özüm üçün daha yararlı olacağın düşünürdüm. Maraqlısı budur ki, Mədinə bir müəllim tərəfindən bu qərarı qəbul etmişdi, mən isə, bəlkə də, bürcümün mənə bəxş etdiyi xüsusiyyətlər ilə bağlıdır ki, belə bir qərar vermişdim. Qəni müəllimin sözlə bağlı bildirdiyi ifadələr hər zaman diqqət mərkəzimdə olub. Əslində, abituriyent dövründə televizora baxmamaq, musiqi dinləməməyin, hətta insanlarla ünsiyyət qurmamağa meylli olmağımın əsas səbəbi elə sözün özüdür. Mən yaddaşımı əlavə məlumatlarla, yəni sözlərlə doldurmaq istəmir və buna diqqət edirdim. Qəni müəllim, demişkən hər insan bir söz ifadə edir axı. Ona görə də Qəni müəllim elə bil mənim də müəllimim idi.

"Mədinənin ayrıca bir otağı var idi. Otağın uzun divarını yarıyacan kitab şkafı örtürdü. Kitab şkafı ilə üzbəüz divarın qarşısında isə onun imtahanlara hazırlaşması üçün stol və stul qoyulmuşdu. Həmin stol və stul təptəzə görünürdü və Mədinənin atası Sərdar müəllim onları düz iki il bundan qabaq binalarının birinci mərtəbəsində olan mebel mağazasından alıb gətirmişdi. Uzunsov və ensiz bir divan isə o biri divara yapışmışdı. Mədinə dincələndə də, gecələr yatanda da elə həmin divanda dincəlir və həmin divanda yatırdı. Ata-anası nə qədər çalışmışdı ki, o divanın yerinə çarpayı qoysunlar və uşaq dincələndə, yatanda rahat olsun, amma əmələ gəlməmişdi. Bu barədə evdə söhbət düşəndə Mədinə heç vaxt razı olmayıb demişdi ki, bu divana öyrəşmişəm, universitetə qəbul olandan sonra necə istəyirsiniz, elə də dəyişərsiniz”.

"Valideynlərin bəziləri abituriyent uşaqlarına bahalı, şəkilləri aydın çəkə bilən cib telefonları alardılar, bəziləri isə onlara yalnız danışmaq üçün yarayan sadə telefonlar verərdilər. Qəribə burasıdır ki, Mədinənin bahalısı, sadəsi dursun bir yana, heç cib telefonu da yox idi. Onu hazırlıq müəllimlərinin yanına sifarişlə tutulmuş taksi aparıb gətirirdi. Ehtiyac olanda isə Mədinə müəllimin telefonu ilə danışırdı, valideynləri də ona bir söz demək istəyəndə elə müəllimə zəng edərdilər.”

Hekayədən gətirilmiş bu nümunələr abituriyentlik dövründə valideynlərin övladlarına qarşı göstərdikləri münasibəti aydın göstərir. Əlbəttə, bu təsirin mənfi və ya müsbət olması, əsasən, valideynlərdən asılıdır. Burada müəllif düzgün mövqe tutmuş valideynlər ilə yanaşı əks mövqedə olan valideynləri də qələmə almışdır ki, bu da hansı valideynin doğru və yanlış olması fikrini müəllif oxucunun seçiminə buraxmışdır. Telefonun şagird üçün həmin dövrdə bir maneə, yoxsa onun işlərini daha da rahatlaşdıran, bir sözlə, əlverişli bir vasitə olub-olmadığını da oxucunun qərarına buraxmışdır. Lakin müəllif sətiraltı formada olsa da, öz fikirlərini oxucunun diqqətinə çatdırır.

"Əslində, evdə lazım olan bütün yır-yığış işləri başa çatmışdı, hazırlıq işləri, demək olar ki, tam qurtarmışdı, amma atası Sərdar müəllimlə anası Gülbaharın hələ də içəridən bayıra çıxmamaları Mədinəni əməlli-başlı dilxor eləmişdi.

Mədinə bir əlində qara eynək tut ağacının kölgəsində dayanan maşının ətrafında gəzişməyə başladı və birdən instituta qəbul olan günü hönkür-hönkür ağlamağı yadına düşdü. Atası hay-küylə həyətə girib onu qonşuların eşidəcəyi bir səslə təbrik edəndə Mədinə göz yaşlarını saxlaya bilməmişdi. Sərdar müəllim onun boynunu qucaqlayıb sakitləşdirmək istədikcə Mədinənin hönkürtüsü daha da ucadan eşidilməyə başlamışdı. Axırda Mədinə evə qaçaraq öz otağına girmiş və stolun üstündə çox nizamla yığılmış bütün kitabları hirslə götürüb döşəməyə çırpmışdı. Onun ardınca gələn anası Mədinəni zorla sakitləşdirmişdi.
Mədinə bunları fikirləşə-fikirləşə maşının sağ qapısının yuxarı küncündə olan güzgüsünə yaxınlaşıb üz-gözünə diqqətlə baxdı, barmaqları ilə saçını alnının yuxarısına doğru geriyə tumarladı, düşündü ki, bəlkə, o günkü ağlamağından üz-gözündə nəsə bir iz qalıb? Heç bir izin olmadığını görüb güzgünün qabağında dilini bir qarış irəli çıxardı və sir-sifətini tanınmaz hala saldı. Hələ bir az da özündən qorxan kimi oldu. O sanki bununla ağlamağını unutmaq istəyirdi”.

Hekayənin hər bir hissəsi abituriyent duyğularını, həmin anlarda yaşanmış çətinlikləri ön plana çəkir. Bu hissələrdən biri də Mədinənin universitetə qəbul olduğu zaman keçirdiyi hislər idi. Mədinənin atası Sərdar hekayədə övladının rahatlığı, uğur əldə etməsi üçün çalışan ata obrazıdır. Sərdarın övladının universitetə qəbul olduğu zamanki sevinci xüsusilə bu sevinci hər kəsin görməsini istəməsini müəllif xüsusi ilə ifadə etmişdir. Sadəcə, Mədinənin gözlədiyi bu uğura sevinmək əvəzinə ağlaması və kitablara qarşı göstərdiyi qəzəb həmin dövrün onda yaratdığı fəsadların nişanəsi idi. Əlbəttə ki, uğur əldə etmək heç də asan başa gəlməmişdi. Mədinənin keçmişi xatırlatmaqla, o gün özünə, üz-gözünə vurduğu zərərlər getsə belə hələ də onun xatirində qalan izlər keçməmişdi.

"Sonra Mədinə geri çəkilib bir ayağı üstə tullana-tullana irəli getməyə başladı. Yəqin ki, Mədinənin kiçik yaşlarında məhəllənin ortasındakı boş yerdə məktəbdən gətirdikləri tabaşirlə çəkdikləri xətlərin üzərindən hoppanaraq "klas-klas" oynamaqları yadına düşmüşdü. Mədinə tut ağacının arxasına keçdi. Gözləri tut ağacının lap dibinə düşmüş dəmir parçasına sataşdı. Əyilib onu götürdü və tutun gövdəsi üzərində nəsə xətt çəkməyə başladı. Bu, onun darıxmağının əlaməti idi. Ola bilsin ki, Mədinə ağaca kiminsə adının baş hərfini yazmaq istəyirdi. Amma bu, o qədər də ağıla batan deyildi. Ona görə ki, adətən, divara, ağaca ad yazmaqla oğlan uşaqları məşğul olurdular. İki il ara vermədən imtahanlara hazırlaşan və universitetə qəbul olan bir qız uşağı üçün hansısa oğlanın adını ağaca (o da ola həyətlərindəki ağaca) yazmaq da heç inandırıcı görünmürdü”. Mədinə sanki bağlı bir qutu idi və o, özüylə üzləşməkdən fikirlərini özünə belə açıq-aydın deməkdən çəkinirdi. Əslində, Mədinə kimi böyüyən qızlar heç də az deyil. Mədinənin ağlında Qəni müəllimin dediyi sözlər, qəlbində isə...

O imtahanı müvəffəqiyyətlə verib uğur əldə etmişdi, lakin ağlındakı suallar hələ də onu yalnız buraxmırdı. Hekayədə Sərdar müəllimin ailəsi Mədinənin istəyi ilə kəndə yollanır. Bu, Mədinənin universitetə girdikdən sonra arzuladığı ilk istək olmuşdu və atası Sərdar müəllim onun istəyini yerinə yetirəciyinə söz vermişdi. Sərdar müəllim bir ata olaraq övladlarını sevindirən obraz kimi oxucuya təqdim olunur. Hekayəni oxuduğum zaman Gülbahar və Mədinə arasında olan fərqləri, xüsusilə ananın övladına qarşı olan laqeydliyinin də şahidi oluruq. Mədinə anasının xətrini xoş etmək üçün onun sevdiyi mahnını səsləndirməsi onun ana sevgisinə, dostluğuna, qayğısına ehtiyacı olduğunun bariz nişanəsidir: "Əslində, Barış Mançodan Mədinənin yox, Mədinənin anasının xoşu gəlirdi. Gülbahar heç nə demədi. Bir dəqiqə keçməmiş Barış Mançonun həzin səsi maşının içərisini bürüdü. Gülbahar hər il yayda dincəlməyə getdikləri Karlovı Varının sakit mənzərəsini xatırlamağa başladı. Müxtəlif yerlərdən gələn qadınlarla birgə dükan-dükan gəzməkləri də yadına düşdü. Bir də fikirləşdi ki, bu il oraya getməmələri rəfiqə olduğu qadınların narahatlığına səbəb olacaqdır. Hətta ürəyində bir günahkar kimi Mədinəni də əməlli-başlı yuyub-sərdi. Bir-iki mahnıdan sonra Ayxan da bezikib maqnitofonu söndürdü. İçəriyə sükut çökdü. Elə bil hamı yatmışdı. Maşın isə irəliləyirdi. Mədinənin gözlərində qara eynək vardı. Onun bəzən mürgüləməsi, bəzən də xəyala dalması eynəyin altında görünməz olurdu. "Heyf Güləsərdən, bu qız niyə belə elədi, heç nə başa düşmürəm. Dərs öyrənməkdə heç kəsdən geri qalmayasan, müəllimlərin həmişə səni tərifləyə, yoldaşlarının sevimlisinə çevriləsən, hamı səninlə rəfiqə olmaq istəyə sən də imtahanlara iki-üç ay qalmış qoşulub qaçasan! Heç olmazsa, qəbul olaydın, sonra nə edirsənsə, edəydin!"

Mədinənin anası ilə yaxın münasibətinin olmaması, onun özünə qapanmasını daha da asanlaşdırmışdı. Mədinənin Güləsəri ilə bağlı fikirləri, onun beynində qopan sual fırtınasını dindirmirdi: "Mədinə gah Güləsər haqqında düşünür, gah da Şahin barədə fikirləşirdi. Əslinə qalsa, Güləsər haqqında düşünsə də, xəyalı fırlana-fırlana gedib Şahinə ilişirdi. Şahinlə Güləsərin çox isti münasibətləri vardı. Amma Mədinənin xəyalının Şahinin üstünə gedib qonması, deyəsən, bu münasibətlə bağlı deyildi. Hər halda Mədinə ilə Şahin bir universitetdə, amma ayrı-ayrı fakültələrdə oxuyacaqdılar. Şahin də universitetin tələbəsi olmuşdu. Qəfildən Qəni müəllimin bir sözü də Mədinənin yadına düşdü. Ədəbiyyat müəllimi qızlara üzünü tutub deyərdi ki, hamınız ali məktəblərə qəbul olacaqsınız. Dərsləriniz, imtahanlarınız da öz qaydasınca gedəcək. Müəllimlərin də hədələrindən qorxmayın. Mən indiyə qədər ali məktəbə qəbul olub oradan qovulan uşaq tanımıram. Sonra da əlavə edirdi ki, birinci, yaxud ikinci kursu bitirən kimi ailə həyatınız barəsində düşünün, yoxsa gec olar. Mədinə xeyli düşündü ki, bu fikirlər onun ağlına hardan gəlir? Birdən özünü narahat hiss etməyə başladı. Cəld eynəyi gözündən çıxardı.”

Şahin obrazı isə bizə Mədinənin dilindən bizə məlum olur. Mədinənin onun ilə bağlı düşüncələri heç də adi bir dost, yoldaş düşüncələrinə bənzəmirdi. Qəni müəllimin düşüncələri isə hekayə boyunca bizə Mədinənin iç dünyasını görməyə köməkçi olmuşdur. Qəni müəllimin fikirlərinin Mədinəyə olan təsiri özünü aşkar şəkildə büruzə verirdi.

"Alimlər evi"ndə bir neçə ailə eyni vaxtda rahatca dincələ bilirdi. Kəndin "gözü" olan bulağın suyu "Alimlər evi"nin yanından aşağıya - kənd evlərinə axırdı. Ağacların altında bir-birindən aralı skamyalar qoyulmuşdu. Qonaqlar da iki-iki, üç-üç həmin skamyalarda oturub söhbət edir, dincəlir, bəzən də şahmat oynayırdılar. Mədinənin əlindən tutub buraya gətirən Şeyda xalanın söhbəti Bakıdan gələnlərlə əməlli-başlı tuturdu, çünki Şeyda xala qeybət adamı deyildi. Bakıdan gələn qadın qonaqlar Mədinəyə hədiyyələr bağışlayardılar. Mədinənin yaddaşında o günlərdən ayrı-ayrı epizodlar qalmışdı, amma Mədinə ona bağışlanmış gəlinciyi yaxşı xatırlayırdı. Uzun saçları olan bu gəlinciyi Mədinənin əlindən axşam yatanda belə ala bilmirdilər”.

Mədinənin yaddaşından silinməyən uşaqlıq xatirələri və onu Şeyda xalanın yanına aparan elə onun itirdiyi özü idi, o, özünü itirmişdi və əslində özünü tapmaq istəyirdi. Mədinə on iki il bundan əvvəl getdiyi yerə gəlib Şeyda xalanı tapa bilməməyin qorxusunu da yaşıyırdı. Şeyda xala qapını açarkən, ilk baxışda Mədinəni tanımaması onu sarsıtmışdı, hətta hər kəs içəridə keçib, əyləşsə belə o əyləşməmişdi. Şeyda xalaya özünü tanıtmaq üçün mahnı ifa etməsi, istədiyi nəticəni əldə etməsinə köməkçi olmuşdu. Mədinənin o sanki sevinci ailəsi tərəfindən də maraq və təəccüb ilə qarşılanmışdı. Şeyda xala gəlinciyi - on iki il bundan öncə burada qalmış gəlinciyi gətirdikdə Mədinə istəyinə, məqsədinə nail olmuşdu, artıq o rahatlıqla geri dönməyə hazır idi.

Kamran İmranoğlunun "Gəlincik” hekayəsində Mədinənin simasında qəbul imtahanlarına hazırlaşan abituriyentin psixologiyası canlandırılmışdır.

Xalidə Hovuslu

 

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.