Markesin ölümü - HEKAYƏ
16 Oktyabr 2023 / 12:04
Markesin ölümü
Hekayə
Kamran İMRANOĞLU
- Oğul, bala, and olsun Allaha, bu dünyanın elə işləri var ki, o işdən Allahdan başqa heç kəsin başı çıxmaz. İstədim deyəm ki, heç Allahın da başı çıxmaz, amma qorxdum, Allahın özündən qorxdum.
Heç uşaqlığın yadına düşürmü? Bilirsən, nəyi deyirəm? Sənin iki-üç yaşında bir kiçik qardaşın vardı. Uşağa da sənin babanın adını qoymuşduq: Baftalı Salah. Yox, elə beləcə Salah! Bir gün uşaq bərk xəstələndi və ananla bir yerdə onu rayon mərkəzindəki xəstəxanaya apardıq. Onsuz da kənd yerində həkim tapmaq çətindir. Olanlar da köçüb rayon mərkəzində yaşayırlar: həm xəstəxanaya yaxın, həm də üst-başları tər-təmiz. Sabir həkimi tanıyırsanmı? Dayın Qəşəmin uşaqlarını sünnət eləyən həkimi deyirəm. Çətin tanıyarsan, tanısan da beynində yəqin o qalıb ki, Sabir həkim sünnət həkimidi. Yox, bala! Gözünü aç, yan-yörənə diqqətlə bax! Oturub-durduğun, salam verdiyin adamları yaxşı-yaxşı tanı. Tanı ki, sabah sənə xeyirləri olmasa da, ziyanları da dəyməsin. Hə, Sabir həkimi deyirdim, Sabir həkim sünnət həkimi deyil, cərrahdı, cərrah! Hələ arvadı da həkimdi, oğlu da həkimdi, qızı da həkimdi. Hərdən dostlarınla Mustafa kirvənin uşaqlarının düz rayonun mərkəzində yerləşən pasyolkadakı çayçısına gedəndə bir dön sol tərəfə də bax. Soldakı yaraşıqlı bina Sabir həkimin şəxsi xəstəxanasıdır. Leyla Şıxlınskayanın Bakıdakı xəstəxanası kimi o da rayon mərkəzində özəl bir xəstəxana açıb. İndi ürəyində fikirləşirsən ki, atam bunları niyə mənə deyir? Əslində, elə mən özüm də fikirləşirəm ki, bunları sənə niyə deyirəm?
O, bir az fasilə verdi və sonra mətləb üstünə qayıtdı:
- Kənddə həkim yox idi, ona görə də kiçik qardaşını rayon mərkəzindəki xəstəxanaya aparmışdıq. Bilirsənmi o uşaq dünyaya niyə gəlmişdi? Bilmirsən, indi deyim, heç olmazsa, bundan sonra bil. Sənin dörd bacın var. Matdım-matdım mənim üzümə baxıb fikirləşirsən ki, bu kişinin, yəni atamın, deyəsən, ağlı çaşıb, başı xarab olub. Mən dörd bacımın olduğunu niyə bilmirəm, ya saymağı bacarmıram? Bəlkə, məktəb-zad görməmişəm. Elə bilirsən, birinci sinifdə oxuyanda saymaq üstündə Şahhüseyn müəllimin başımızda qoz sındırdığı yadımdan çıxıb? Hələ o da yadımdadır ki, Matı xalanın evində dərs keçəndə Şahhüseyn müəllim saymaq üstündə çəliklə vurub uşaqlardan birinin başını da yarmışdı, uşağın başının qanını saxlamaq olmurdu. Oğul, bala, sus-pus dayanmağından başa düşürəm ki, bacılarının sayının dörd olduğunu bilirsən.
Mən özüm tək oğlan olmuşam, baban da tək olub, indi sən də tək oğlansan. Təkliyin də öz aləmi var. Məsələn, Tutu nənə səni görəndə həmişə başını sığallayıb deyərdi ki, Allah da təkdir. Elə əslinə qalsa, bu sözləri uşaq vaxtı mənə də deyiblər. Baban rəhmətlik söyləyərdi ki, o da Novruz bayramında qapı-qapı gəzib bayramçalıq yığanda ağbirçək arvadlardan onun arxasınca söylədikləri “Allah da təkdir” sözlərini eşidərdi. Rəhmətlik babanı, səni deyə bilmərəm, amma məndə belə bir fikir var ki, iki qardaş olmağın bəzi problemləri də olur. Nəcəfalının uşaqlarını tanıyırsan da, ikisi də saf və təmiz uşaqlardır. Amma neçə ildir ki, bir-birlərini qırırlar. Nəyin üstə? Torpaq üstə, su üstə, yol üstə. Bilirsənmi onun səbəbi nədir? Səbəb odur ki, hərəsi gedib bir tərəfdən qız alıb gətirib. Ay balam, bizim kənddə qız tapılmırdı?! Yəni bizim kənddə qız belə qəhət olub?
Əvvəl başlayım Nəcəfalının o sarıbaş oğlundan. Şirzadı deyirəm də! Eşitməmisən, Nəcəfalının arvadı qonşunun arvadı ilə dalaşanda qonşunun arvadı Elmira bacı bilirsən nə deyib? Deyib ki, get o sarı murquzunun dərdini çək. Nəcəfalının arvadı da əllərini belinə qoyub hirsli-hirsli soruşub ki, nə olub mənim oğluma? Yapı-yaraşığı, boyu-buxunu, geyim-keçimi - hər şeyi yerindədir, ay külbaş. Elmira bacı da cavab verib ki, elə külbaş sənin özünsən. Sarı murğuzun çayın o tərəfindən gətirdiyi arvadı sənin başına kül ələyir, onun da başında qoz sındırır. Mən demirəm, o biri gəlinin hay salıb ki, Şirzad şalvarlarını da özü ütüləyir, hələ corablarını da özü yuyur. Daha bundan artıq nə olacaq ki?! Bir azdan Şirzadın arvadı öz corablarını da ona yudurdacaq.
Onun sözlərinin qabağında Nəcəfalının arvadının matı-qutu quruyub, gözləri bərələ qalıb və yavaşca geri dönərək evlərinə gəlib. Orada da duruş gətirə bilməyərək çəpərin balaca qapısından Şirzadın həyətinə keçib. Şirzadın çayın o tərəfindən alıb gətirdiyi arvadı da pilləkənin yanında durubmuş. Belə məlum olub ki, Şirzadın arvadı Elmira bacının sözlərini eşidib. Nəcəfalının arvadı yavaş-yavaş, dinməz-söyləməz gəlinə yaxınlaşıb. Gəlin də dinməz-söyləməz dayanıb və ona baxıb, həm də bu işin axırının yaxşı olmayacağını xəyalından keçirib. Nəcəfalının arvadı ilk dəfə sezib ki, gəlində bir peşmançılıq hissi var. Amma sezdiyi bu peşmançılıq hissi Nəcəfalının arvadının hirsini soyutmayıb. O lap gəlinə yaxınlaşıb, gəlinin saçlarını əlinə dolayıb, yerdə sürüyə-sürüyə deyib ki, ay ləçər, sənin ananı ağlar qoyacağam.
Bax, görürsən, o sözlər var ki, Elmira bacı deyirdi, onlar Şirzadın qardaşı arvadının dilindən çıxmasaydı, həmin hadisələr də baş verməzdi. İndi yadında saxla ki, ailədə tək oğlan uşağı olmağın da öz faydası var. Həmçinin, bizim tərəflərdə hamı oğlan uşağının həsrətini çəkir. Bir evdə oğlan doğulmayanda gecə-gündüz Allaha dua eyləyir ki, Allah onlara bir oğlan uşağı bəxş etsin. Bəzən də sonuncu qızlarına Bəsti, Kifayət, Yetər kimi adlar qoyurlar ki, daha qızları olmasın. Düzünü desəm, bizim tərəflərdə ancaq Bəsti adına rast gəlmək olar. Hətta Bəsti adlı bir qızın atasına bir dəfə deyiblər ki, bəs sənin üç oğlun, iki qızın var, niyə o qıza Bəsti adını vermisən, o da tövrünü pozmadan cavab verib ki, mən uşağın adını Bəsti Bağırovaya görə qoymuşam. Oğul, bala, Bəsti Bağırova sovet dövründə əmək qəhrəmanı idi, bir gündə əl ilə 160 kiloqram pambıq yığırdı. İndi onu da tanıdınmı?
O, axırıncı sualı yüksək tonla deyərək şəstlə oğlunun üzünə baxdı və davam etdi:
- Yaxşı, indi deyəcəksən ki, Salahın dünyaya gəlməsinin bu məsələyə nə dəxli var, ona görə ki, biz dörd bacı və bir qardaş olmuşuq, yəni dörd bacı və mən. Bəli, dəxli yoxdur, amma bəzən olurdu ki, bir oğlu olan ikincisini də istəyirdi. Məsələn, yadıma gəlir ki, kəndimizdəki Hacılar məhəlləsindən bir uşaq Kamçatkaya hərbi xidmətə getmişdi. O da dörd bacının bir qardaşıydı. Bir gün xəbər çatdı ki, uşaq Kamçatkada ölüb, gəlin aparın. Heç kəs getmədi, çünki imkanları yox idi. On beş gündən sonra uşağın ölüsü gəlib çıxdı. Gəlib çıxana qədər də onların evində hər gün yas məclisi quruldu. Həmin vaxtlar SSRİ ilə Kitay arasında yüngülvarı dava olmuşdu və ölənlər də var idi. Bunu bilən ölmüş əsgərin atası elə il boyu deyinirdi ki, yalan danışırlar, mənim oğlumu Kitay davasında öldürüblər. Niyə deyinirdi, nə üçün deyinirdi, vallah, axıra qədər heç kəs bilmədi. Amma anası ağlayıb-sızlayırdı ki, kaş bir oğul da doğaydım. Bundan sonra kənddə bütün arvadlar iki-üç oğlan uşağı doğmağa başladılar və uşaqların da sayı səkkiz-doqquza çatdı, çünki uşağın oğlan-qız olmağı o vaxtlar bilinmirdi. Hətta qonşumuzdakı arvad on uşağı ötdü və qəhrəman ana oldu. Bax, görürsən, ikinci oğul doğmağın da belə sirləri var. Amma sənin qardaşın Salahın dünyaya gəlməsinin bu məsələlərlə heç bir əlaqəsi yoxdur. Bir sözlə, o uşağın dünyaya gəlməsinin səbəbini bilmirsən. İndi danışım, sən də qulaq as.
Əvvəl-əvvəl başı boş əminin ogünkü söhbətini tamam yadından çıxart. Əminin şirin-şirin danışdığı Tormoz Hüseynin uşaq istəməsi əhvalatını deyirəm. Yadından çıxıb, yoxsa özünü avamlığa qoyursan? Bəs o gün əmin demədi ki, Tormoz Hüseyn bir gecə bayırda kətildə yatdığı yerdə hansı yuxunu görüb-görmədiyini bilmirəm, amma o başdan şalvarını çəkib əyninə düz birqadir Həsəngilə yollanıb. Həsən də xeyli təəccüblənib ki, səhər o başdan - qancıq tayadan düşməmiş Tormoz Hüseynin onların həyətində nə işi var? Tormoz Hüseyn də onu ədəb-ərkanla çəkib tövlənin dalına və deyib ki, mənə də artıq üzüm yaz, aldığımı da səninlə yarı böləcəyəm. Həsən də cavabında deyib ki, a kişi, çox gecikibsən. Əgər doğrudan istəyirsənsə, gərək arvadını dekretə çıxardasan. Arvadın da dekretə çıxması üçün uşaq olmalıdır. O da qayıdıb evə, düşüb arvadın üstünə və deyib ki, hökmən uşaq doğmalısan. Tormoz Hüseynin arvadı uşaq doğdu da, Tormoz Hüseyn arvadını dekretə çıxarıb pul aldı da, onu briqadir Həsənlə böldü də. Həmin uşaq indi Moskvadadır, yaxşı pul qazanır. Bunları təkrar edib demək istəyirəm ki, sənin kiçik qardaşın Salah dekretə görə də doğulmayıb.
Yenə fasilə yarandı, yenə o, oğlunun üzünə diqqətlə baxıb davam elədi:
- Oğul, bala, bizim nəslin ən böyük dərdi-məlalı dayın Qəşəmin uşaqlarının olmaması idi. Elə bilirsən, indiki dövrdür, uşağı olmayanın çarəsi bir içim su kimidir. Xəstəxanaya gedirsən, ərizəni yazırsan, razılığını verirsən, o nədir eey, köçürürlər qadına, qurtardı getdi. Bu, o qədər də vaxt aparmır, qadın olur hamilə. Vəssalam. Lap istəyirsən, əkiz uşağın olsun, bu da həkimlərin əlindədir. Bəs o vaxtlar? O vaxtlar qızı ki ərə verdilər, üstündən heç bir ay keçməmiş, anasından, qayınanasından yavaşca soruşardılar ki, nə var, nə yox? Elə ki başlar bulandı, pıçapıçların əl-ayağını yığışdırmaq mümkün olmazdı. Sən onda qızın anası ilə qayınanasının halına baxaydın, az qalırdılar kənddən baş götürüb qaçsınlar. Bəs indi? İndi elə şeylər eşidirsən ki, adamın əli üzündə qalır. Vallah, utanmasan oynamağa nə var? İki-üç gün bundan əvvəl bir televiziya aparıcısı başqa bir televiziya kanalının verilişində iştirak eləyirdi. Əvvəla, ondan soruşan lazımdır ki, ay qızım, ay bala, öz televiziyanda çıxış eləməyin bəs deyil, nə düşmüsən qapı-qapı gəzirsən? Sözün varsa, elə öz televiziyanda de də! Daha buraya gəlib başqa birisinin yerini tutmaq nəyə lazımdır? Yaxşı, tutalım, bunu bağışladıq getdi. İkincisi və ən əsası, bu qız o televiziya ekranından bilirsən nə deyirdi? Deyirdi ki, mən yoldaşımla razılaşmışam, hələ iki il uşağımız olmayacaq. Tutu nənə sağ olsaydı və o sözləri eşitsəydi, dişinin dibindən çıxanı söyləyərdi, bəkə də, televizorun üzünə tüpürərdi. A qardaş, vallah, daha böyük-kiçik qalmayıb!
Bəli, dayın Qəşəmin vəziyyəti çox çətin idi. Çünki Qəşəm çayxanaya gələndə, toyda-yasda görünəndə hamı onu gözaltı süzərdi. Bir də adam nə qədər maymaq olsa belə, həmin eyhamlı baxışları az-çox başa düşür, necə ki Qəşəm də başa düşürdü. Hələ o tərəfini demirəm ki, Qəşəmin anası ilə qayınanası camaatın arasında olanda gizlənməyə yer axtarırdılar, amma tapa bilmirdilər. İndi sən bax, televizordakı o qız hara, Qəşəmin arvadı hara? Qəşəmin arvadının bircə dəfə cəsarəti çatmadı ki, durub el arasında, lap elə el arası qalsın bir tərəfə, qonşusunun yanında desin ki, mən özüm hələ doğmaq istəmirəm. Yaxud da bu zəhrimarı atsın Qəşəmin üstünə, söyləsin ki, Qəşəm hələ uşaq istəmir. Deyir ki, Bakıda ev alandan sonra uşağımız olacaq. Ay gidi dünya, birinin ağzını çuval kimi açırsan, o birinin də ağzına möhür vurursan.
Xülasə, Qəşəmin arvadını ocaq-ocaq, pir-pir gəzdirdilər. Ətək-ətək pul tökdülər, mal tökdülər, faydası olmadı ki, olmadı. Onda da Qəşəmin arvadı baş götürüb qaçmaq istəyirdi. Özü də bir sinif yoldaşı vardı - Şərəbanı, ürəyini həmişə ona açardı, onu yolda-izdə tutub xısın-xısın deyərdi ki, ölüm istəyirəm, Şərəbanı, ölüm, kim məni belə qarğıdı? Mən kimə pislik eləmişəm ki! Dədəmin, anamın da heç kəslə işi yoxdur, öz evləri, öz içləridir. Atam heç kəsin toyuğuna bir daş atmayıb, anam heç kəsin sözünü danışmayıb. Uşaq vaxtı Novruz bayramı günü qonşunun qızı ilə odun üstündən tullananda qız qəflətən oda düşdü, qıçları yandı, vallah mənim günahım yox idi, elə bil qızın ayağı nəyəsə ilişdi, yıxıldı, indi də uzun paltar geyməsə, baldırlarındakı yanıq əməlli-başlı bilinir, bəlkə, ona görə bu əziyyəti çəkirəm. Şərəbanı da yanımcıl bir qız idi və Qəşəmin arvadının o üzündən-bu üzündən öpüb yazıq-yazıq deyirdi ki, səbir elə, Güldəstə, səbir elə, hər şey yaxşı olacaq. Bəndədən bir şey çıxmaz, Allahın ətəyindən yapış. Allah qadir Allahdı.
Günlərin bir günü də Qəşəmlə Güldəstə həyətlərinin yanından axan çayın kənarına palaz sərib üstündə oturmuşdular. Onlar hər yayı isti adamın gözünə görünüb buxar kimi havaya qalxanda qaralmış-qartımış iydə ağacının altında özlərinə istirahət yeri düzəldərdilər. Dədə-babadan qalmış samovarlarını da palazın düz yanına qoyardılar. Güldəstə də hərdənbir soyumasın deyə samovarın odluğuna ağac kömrü atardı. Qəşəmlə Güldəstə günün ən qızmar çağını burada keçirərdilər. Deməsəm, düz olmaz, kənddə hamı buna vərdiş eləmişdi. Amma Qəşəmlə Güldəstənin bu yay istirahətində başqalarından fərqli bir məqam vardı. Məsələn, Həşim bir tikə çörək yiyən kimi başını yastığın üstünə atıb yatmaq istəyəndə elə o dəqiqə yuxuya gedərdi. Salatının bəh-bəhlə süzdüyü çayı da içə bilməzdi, çay stəkanda qalıb bumbuz olardı. Belə vaxtlar Nəcəfalının arvadının günü qara gələrdi. Öyrədən var idi, öyrədən yox idi, bilmirəm, amma Nəcəfalı bir xortum siqaret çəkərdi, bir nəfəs də arvadını söyərdi. Arvadı da nə ağ dinərdi, nə də qara, çünki ərinin söyüşlərinə öyrəşmişdi. Oğul, bala, indi gözlərini bərəldib məndən soruşmaq istəyirsən ki, bəs Qəşəmlə Güldəstə o palazın üstə nə ilə məşğul olardılar? Ağlına başqa-başqa şeylər gəlməsin, Qəşəmlə Güldəstə orada iki-üç saat söhbət eyləyirdilər. Hamı da bunu bilirdi və hamı da təəccüblənərdi ki, Qəşəmlə Güldəstə hər gün iki-üç saat nədən danışardılar və bu danışdıqları mövzunu haradan tapardılar?
Bəli, elə həmin günlərin biriydi və Qəşəmlə Güldəstənin danışdıqlarını sənin anan açıq-aydın eşidirmiş. Güldəstə Qəşəmə danışırmış ki, axşam yuxu görmüşəm və mənim indiyə qədər ömrümdə belə yuxum olmayıb. Görmüşəm ki, yanımızdan axan çaya düşüb qışqırıram, sən də gəlib məni xilas etmək istəyirsən, amma ikimiz də boğuluruq. Bu zaman onların arxasında dayanan anan ucadan deyir ki, su aydınlıqdır, Güldəstə. Durub görüşürlər, öpüşürlər, Güldəstə elə ayaqüstəcə deyir ki, aydınlıq olmağına qoy, aydınlıq olsun, amma məni təəccübləndirən budur ki, bu çayın nə suyu var, biz də düşüb orada boğulaq, heç körpə uşaq da burada batmaz. Otururlar və bir az həşdən-küşdən danışandan sonra anan üzünü qardaşı Qəşəmə tutub deyir ki, ay qardaş, belə qərara gəlmişik ki, bir uşaq doğub onu saxlamaq üçün sizə verək. Yaşınız ötür, bir müddət sonra qocalığınız var, ahıl vaxtlarınızda sizə bir baxan olmalıdır, ya yox! Onlar çətinliklə də olsa, razılaşırlar, amma ölüm-itim dünyasıdır, onu deməliyəm ki, anan o söhbəti açanda mənimlə bir kəlmə də danışmamışdı, axşam anan bu əhvalatı mənə dedi, mən də etiraz etmədim. Bəs sonra nə oldu? Dörd-beş ay keçməmiş, Güldəstənin boyuna uşaq düşdü. Bizim uşağımız da özümüzə qaldı. Bax, sənin Salah qardaşın belə dünyaya gəlib. Sonra da Salah xəstələnib öldü. İndi bildin, həmin uşaq dünyaya niyə gəlmişdi?
O, qəfil söhbəti dayandırdı, gözünü divarın yuxarısına zillədi və qulağını bir az irəli verdi, sonra ucadan qışqırdı:
- Ay uşaq, ay uşaq mətbəxdəki radionun səsini qaldır. Dayan, dayan, gör nə danışır? Nəəə? Markes ölüb? Düz eşitdim?
Bəli, radio Markesin ölümü barədəki xəbəri dünyaya yayırdı.
01.06. 2014