Sənət və ədəbiyyat dərgisi

Torsuz tennis oyunu - İmir Məmmədlinin essesi

16 Oktyabr 2023 / 09:58

                                                        İmir MƏMMƏDLİ

 

                            TORSUZ TENİS OYUNU

         Sərbəst şeir poeziyada yenilikdirmi? O, şeir tarixində yeni mərhələmi deməkdir?

         Bəzilərinin fikrincə sərbəst şeir, qafiyəli şeirdən daha əvvəl yaranıb. Qafiyə sonrakı hadisədir, mətn yadda qalsın deyə şeirə əlavə olunub. Bəlkə də.

         Amma bir şey var ki, altmışıncı illərdə sərbəst şeirin ədəbiyyatda geniş vüsat alması çoxlarının əlini-qolunu açdı, heca vəznində çətinlik çəkənlər kütləvi şəkildə sərbəst şeirə üz tutdular.

         Sözsüz ki, qafiyənin bir çox fəzilətlərini və mənfi cəhətlərini sadalamaq olar. Dediyimiz kimi, qafiyəli şeir daha asanlıqla yadda qalır, şeiri müəyyən çərçivəyə salır, amma qafiyənin də təkrarlanma, tükənmə təhlükəsi var, həm də özünə hörmət edən şair - getdi, etdi, bitdi, itdi, atdı, batdı, yatdı, satdı, aldı, daldı, çaldı, saldı və s. kimi feillərdən qafiyə tutmağı özünə rəva bilmir. 

         Böyük fransız şairi Pol Valeri qafiyənin üstünlüyünü vurğulayaraq deyirdi ki, qafiyə diletantları qorxudur, onları şeirdən əllərini çəkməyə vadar edir.

         Amma hecə vəznində yaxşı yazan da yerində saymamallıdır, onun uğurlu qafiyələrlə zəngin şeirləri, ələlxüsus da qoşmaları Molla Pənah Vaqifin, dədə Ələsgərin qoşmalarından fərqlənməlidir, bu fərqin özəyini yeni reallığın bənzərsizliyi və özünəməxsusluğu təşkil etməlidir.

         Bir çox ədəbiyyatların verliblistlərindən fərqli olaraq şeirlərinin əksəriyyətini sərbəst vəzndə yazan bizim şairlər ara-sıra qafiyədən də ustalıqla faydalanırlar. Vaqif Səmədoğlu ilə Vaqif Bayatlı Ödərin şeirlərində bu cür naxışlara tez-tez rast gəlmək olur. Sərbəst vəzndə yazdığı şeirlərində yeri gəldikcə qafiyəyə müraciət edən görkəmli fransız şairi və dramaturqu Pol Klodelinin fikrincə verlibrdə istifadə olunan qafiyə xoş ahəng üçün deyil, o, dənizə atılmış qarmaq kimi axtarış sahəsini müəyyənləşdirir, bəzən müəllif üçün gözlənilməz ifadələri belə tapmaqda yardımçı olur.

         Bir halda ki, hecə və sərbəst vəzndə yazılan poetik nümunələrin xüsusiyyətindən danışırıq, verlibrin struktur baxımından nəsrə çox yaxın olduğunu nəzərə alaraq bir aksiomanı unutmamalıyıq - şeirə yaşamaq hüququ verən yeganə cəhət onu nəsrdən fərqləndirən şeydir.

         Dahi amerikan şairi Robert Frostun bu barədə rəyi çox maraqlı və diqqətə layiqdir. Görün o nə deyir: Verlibr torsuz tennis oynamaq kimi bir şeydir. Yəni şeirdə qafiyə tennis stolunu ikiyə bölən tor rolunu oynayır, başqa sözlə, qafiyə şeir meydanında qaydaları və şərtləri əvvəlcədən müəyyənləşdirir, qayda-qanun yaradır. Frostun bu sözləri, yəni tor məsələsi zamanında çoxlarını qıcıqlandırdı. Əslində isə "sərbəst şeir" deyəndə, elə Robert Frostun dediyi məna nəzərdə tutulur. Düşünürəm ki, bu yerdə bir şeyi də demək yerinə düşərdi: oyun meydançasını ikiyə bölən tor olmaya bilər, amma o, nəzərdə tutula bilər. Bəzən görünməyən, amma nəzərdə tutulan şey daha təsirli olur.

         Bütün hallarda iki ifratı da nəzərdən qaçırmamalıyır: Bəzən verlibr, müəllifi şirnikdirə-şirnikdirə sırf nəsrə aparıb çıxarır. Poeziyayla nəsrin səddi silinir, şair başqa bostana keçdiyini hiss etmir. Bu, bir ifrat.

         İkinci ifrat dərəcəsi də buna bənzəyir, amma artıq ənənəvi şeirdə baş verir. Müəllif qafiyənin gur səsinə o qədər aludə olur ki, poetik mətndən nə vaxt kənara çıxdığından xəbəri olmur. Hər hansı publisistik bir mətni (həmin mətn iqtisadi də ola bilər, tarixi də, sosial da)  götürüb nəzmə çəkir. Düşünür ki, şeir yazdı. Belə bir qafiyəli mətn şeirdirmi? Bəli, o, şeir ola bilər, amma poeziya yox.

         Hər iki halda poetik dilin, poetik ifadənin və nahəyət poetik duyğu böhranının şahidi oluruq. Belə ki, problem ənənəvi və yaxud sərbəst şeirdə deyil, problem poetik dilin zəifləməsində, son nəticədə itməsindədir.

 

 

 

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.