Sənət və ədəbiyyat dərgisi

İngilis kralının bacısı - Anarın hekayəsi

20 Dekabr 2023 / 15:08

ANAR
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

 

İngilis kralının bacısı

 

Tibb bacısı Züleyxa Saranı Xəstəxananın qapısında qarşıladı:

- Muştuluq - dedi.

Sara: 

- Ola bilməz - dedi.

- İnanmırsan, kassaya get.

Üç ay idi ki maaşlarını gecikdirirdilər. Bu gün ala bilməsə, Qulam kişiyə nə cavab verəcəkdi?

Sara tələsik ikinci mərtəbəyə, kassaya tərəf getməyə başladı. Arxadan Züleyxanın səsi gəldi:

- Muştuluğu unutma ha!

Züleyxa aldatmırmış, tibb bacısı Sara, axır ki, üç aydan bəri gözlədiyi maaşını aldı. Sevincindən yerə-göyə sığmırdı, nəhayət, kirayədə qaldığı otağın haqqını ödəyəcəkdi. Üç aydan bəri hər səhər işə gedəndə, hər axşam işdən qayıdanda Ərəb Zəngi kimi qabağını kəsən Qulam kişiylə haqq-hesabı çürüdəcəkdi.

Kassadan iki addım aralanmamış başqa bir Ərəb Zəngi, Baş tibb bacısı Tamara qabağını kəsdi:

- Sadıxova - dedi - yenə səndən şikayət var.

Saranın ürəyi düşdü:

 - Yenə neyləmişəm ki?

 - Bəstəkar Murad Muradov səndən şikayət yazıb. Deyir, bu səfər də ona iynə vurduğun yerdə gemotoma əmələ gəlib.

- Mən neyləyim, onun damarları elədir ona görə də - deyə sözə başlamışdı ki, Tamara sözünü ağzında qoydu:

- Özün bil - dedi. - Muradovun şikayəti məndədir, hələ ki. Baş həkimə göstərməmişəm.

Sara başa düşdü, ilk dəfə deyildi ki... İndicə aldığı maaşın azı yarısını Tamaraya uzatdı. Tamara gözücü məbləğə baxdı:

 - O gün Baş həkim deyirdi ki, Sadıxova niyə təqaüdə çıxmır, yaşı çoxdan ötüb axı...

Sara verdiyi məbləğə əlli manat da əlavə etdi və dərhal Qulam kişinin saqqal basmış üzünü xatırladı: bu səfər də kirayəni ödəməsə, Qulam kişiyə nə deyəcəyini bilmirdi. Amma Tamaranın da iştahı diş altındaymış.

Sara:

- Gələn maaşımızı Allah bilir haçan verəcəklər, - dedi - mən də birtəhər başımı girləməliyəm axı.

Tamara: - Yaxşı, yaxşı ağlama - dedi, sonra əlini Baş həkimin kabineti səmtinə uzadıb: - özümçün götürmürəm ki...

Dəhlizdən keçərkən Züleyxa qabağını kəsdi - Bəs muştuluq?

Sara: Mən nə hayda, sən nə hayda - dedi və barmağıyla həmin səmti göstərdi.

Züleyxa: - Allah bəlaların versin - dedi.

Saranın kefinə soğan doğramışdılar. İşdən qayıdanda Qulam kişinin Əzrayıl kimi başının üstünü alacağını düşünəndə, heç evinə dönmək də istəmirdi. Amma gedəcək ayrı yeri də yox idi ki...

Doğrudan da "deyilənlər gəldi başa". İşdən sonra evə çatarkən Qulam kişinin əl-qolunu ölçə-ölçə kiminləsə höcətləşdiyini gördü. Yaxşı ki, arxası evin çöl qapısına tərəf idi, Saranı görmədi. Sara siçan kimi sivişib Qulam kişinin arxasından içəri girdi, tələsik birinci mərtəbədəki mənzilinin qapısın açıb içəri dürtüldü. Şükür deyəsən, Qulam kişi onu görməmişdi. Sabah səhərə qədər rahat yaşaya bilərdi, Piltəni odlayıb dünənki xörəyi odun üstünə qoyanda birdən onu ağlamaq tutdu. Hıçqırıb ağladı. Sonra bir təhər toxtayıb düşünməyə başladı. Sabah sübh tezdən Qulam kişi qapının ağzını kəsdirəcək. Nə cavab versin ona. Tamara, ya Baş həkim Qulam kişinin nə vecinə, otağı kirayə verir vaxtlı-vaxtında da ödənməsini istəyir. Lap bir-iki ay güzəştə də gedir, amma day Əsli-Kərəm neçə kərəm?

Bu gün aldığı maaşın qalan hissəsini Qulam kişiyə versəydi, borcunun yalnız üçdə biri ola bilərdi. Bəs bütün ayı necə dolansın? Bir də Allah bilir haçan maaş alacaq. Evdə satmalı bir şey də qalmamışdı.

Televizor? Onu da satsa sata bilsə - kimdi alan? Televizorsuz - axşamlar təklikdə lap bağrı çatlardı ki...

Televizorda ingilis Kralının tacqoyma mərasimi göstərilirdi.

Bir daha otağına göz gəzdirdi. Doğrudan da, anasından qalma çay servisini satandan sonra gözə dəyən bir şey qalmamışdı. Gözləri kitab rəfinə sataşdı. Bir neçə toz basmış kitab vardı. Onlar da anasından qalmışdı. "Deyirlər indi bir çox restoranlar köhnə kitabları alırlar, yemək salonlarını bəzəmək üçün divarlarına düzürlər. Bəlkə bu kitabları da alan oldu. Əlini atıb bir neçə kitab götürdü. Kitablardan biri yazıçı Anarın hələ kiril əlifbasıyla çap olunmuş "Mən, sən, o və telefon" kitabı idi.

Həm divan, həm çarpayı olan yerdə əyləşib kitabı vərəqləməyə, "Mən sən, o və telefon" hekayəsini oxumağa başladı. İlk dəfə oxuyurdu bu hekayəni. Arabir gözucu televizora da baxırdı: Kralın başına axır ki, tac qoymuşdular.

Hekayənin də lap axır səhifələriydi.

Sara:

- "Bu yazıçılar da ağıllarına nə gəldi yazırlar" - deyə düşündü. Heç belə də təsadüf ola bilər ki, telefonla kiməsə zəng edəsən, sonra da onunla tanış olub evlənəsən? Elə bu an qapı döyülməyə başladı.

Saranın ürəyi səksəndi. - Deməli, Qulam kişi hər halda onu görübmüş, evdə olduğunu bilir və indi Əzrayıl kimi canımı almağa gəlir. "Nə qədər döyür döysün - açmayacam deyə qərara gəldi. Qoy elə bilsin, əstağfürullah, ölmüşəm. Qapı aramsız döyülürdü. Səhərə qədər döysə də, açmayacam. Birdən qapı arxasından səs gəldi: - Missis Sadıxova evdə deyilsiz?

Mənasız sualdı. Əgər evdə yoxdusa, necə deyəcəkdi ki, evdə yoxam. Qapı ardından kişi səsi də gəldi. Özü də ingiliscə danışırdı. "Aman Allah, yoxsa Qulam kişi məni tutdurmaqçün İnterpola da müraciət edib?"

Nəhayət, maraq bütün qorxularına üstün gəldi, qapını açdı. Qapıda əcnəbiyə oxşayan orta yaşlı bir kişi və qarabəniz bir qadın dayanmışdılar. Qadın: təmiz Azərbaycan dilində - Xoş gördük Sara xanım, kişisə: - Hello - dedi.

İçəri keçdilər. Kişi ingiliscə nə isə dedi. Qadın tərcümə etdi: - Xahiş edirik bizimlə ingilis səfirliyinə gedəsiniz.

Sara təəccüblə: - Mənim ingilis səfirliyində nə işim var? - dedi.

Qadın tərcümə etdi, kişinin sözlərini dinlədi və dedi: - Sizə sürpriz xəbər veriləcək, səfir sizi gözləyir.

Sara yarı təlaş, yarı maraq içində onlara qoşulub evdən çıxdı. Rahat nəfəs aldı, həyətdə Qulam kişi yox idi. Evlərinin qabağında qəşəng əcnəbi avto dayanmışdı, sürücü maşından çıxıb qapını açdı. Sara və tərcüməçi qadın arxada, ingilis qabaqda əyləşdilər. Yolda Sara tərcüməçi qadından bu qəribə vaqeə haqqında nə qədər soruşsa da, qadın xoş gülümsünüb cavab vermirdi, yalnız: hər şey əladır, - razı qalacaqsınız - deyirdi.

Nəhayət, maşın ingilis səfirliyinin qarşısında dayandı, içəri keçdilər, Saranı böyük bir salona gətirdilər. Kişi tərcüməçinin vasitəsilə dedi ki, bir az gözləyin, cənab səfir sizi qəbul edəcək.

Az sonra boy buxunlu dümağ saçlı bir kişi həmin o tərcüməçi qadınla birlikdə içəri girdilər. Səfir nəzakətlə Sarayla salamlaşdıqdan sonra uzun uzadı ingiliscə danışdı. Nəhayət, sözünü bitirəndə tərcüməçi çevirməyə başladı.

 - Cənab səfir sizi salamlayır və sizi gördüyündən çox məmnun olduğunu bildirir. Cənab səfir deyir ki, bu, lap nağıla oxşayır. Məsələ ondadır ki, çox-çox illər bundan qabaq bizim mərhum kraliçamızın əri Hersoq Filippin əlinə təsadüfən bir Azərbaycan yazıçısının kitabı düşür. Müəllifinin adı yadında qalmayıb, amma hekayə gərək ki "Telefon" adlanırmış. Hekayədə bir gənc təsadüfi telefon zəngi vasitəsilə bir qadınla tanış olur və sonra onunla evlənir. Bu hadisə hersoqa o qədər maraqlı gəlib ki, bir axşam, eləmə tənbəllik həmin telefonun London variantıyla kiməsə zəng edir və... möcüzə də bundadır, telefonda son dərəcə məlahətli bir qadın səsi eşidir. Xoş beş, on beş söhbətləri tutur beləliklə, tanış olurlar. Demə, qadın o vaxt - sovet səfirliyinin əməkdaşı imiş. Əlqərəz, axır əyani tanış olurlar. Qadın qeyri-adi gözəl imiş, hersoqun ağlını başından alır, gizlində tez-tez görüşməyə başlayırlar. Nəhayət, sovet səfirliyi duyuq düşür və dərhal xanımı geri, SSRİ-yə qaytarırlar. Hersoq ingilis kəşfiyyət orqanları tərəfindən agah olur ki, sevdiyi qadın vətənə qayıdan kimi Sibirə sürgün olunub.

Sara diqqətlə qulaq asır və heç cür anlaya bilmirdi ki, bu söhbətin ona nə dəxli var.

Səfir tərcümənin bitməsini gözləyib sözünə davam etdi. Xeyli keçəndən sonra tərcüməçi yenə çevirməyə başladı.

Məsələ ondaymış ki, Londonda son görüşlərindən birində qadın hersoqdan hamilə olduğunu deyib.

Hersoq qadının Qafqazdan olduğunu bilirmiş və kəşfiyyat vasitəsilə xəbər tutub ki, qadın Sibirdə bir qız doğub. Hersoqsa ölümündən bir neçə gün əvvəl oğluna, yəni bizim indiki kralımıza qapalı bir zərf verib, yalnız mənim və ananın ölümümüzdən sonra açarsan deyib. Və budur, hər iki valideyninin vəfatından sonra şahzadə, indiki kralımız zərfi açıb və indicə sizə ərz olunanlardan xəbər tutub. Hersoq oğluna bildirib ki, məxfi yolla olanlardan xəbər tutub öyrənib. Deməli, o qız sənin bacındır, - yazıb.

Tərcüməçi çevirdikcə Sara bütün bu macaraların ona nə dəxli olduğu barədə elə hey düşünürdü.

Nəhayət, tərcüməçi sözünü bitirəndən sonra səfir nitqinə davam etdi: - Əlahəzrət kəşfiyyat orqanlarına tapşırıq verib. Nə yolla olur olsun o qızı, - daha doğrusu, indi bir qədər yaşa dolmuş xanımı tapsınlar, tərcüməçi çevirdi.

Səfir xüsusi diqqətlə Saraya baxdı bir neçə anlıq sükutdan sonra gülümsəyərək azərbaycanca:

- O xanım sizsiz - dedi, sonra ingiliscə dediyini tərcüməçi də gülümsəyərək çevirdi:

 - Əlahəzrət Kralın bacısı.

Saranın dili-ağzı qurumuşdu, nə edəcəyini, nə deyəcəyini bilmirdi. Səfir isə sözünə davam edir, tərcüməçi çevirirdi:

 - Əlahəzrət kral sizin dalınızca təyyarə göndərib. Elə bu axşam Londona uçmalısınız.

- Sara: - Mən... hara London hara... deyə kəkələməyə başladı - Baş həkimə nə deyəcəm - Tamara onsuz da əlimdən zəncir çeynəyir deyə düşününrdü ki, səfir tərcüməçi qadının vasitəsilə: - Heç nədən narahat olmayın, dedi - hamıyla hər şey danışılıb, viza hazır, sizinçün bu neçə dəst paltar, ayaqqabı alınıb. Burdan elə birbaşa aeroporta gedə bilərsiniz.

Sara: - Bəs Qulam kişi - deyə sözə başlamaq istəyirdi ki, tərcüməçi qadın artıq öz adından: bu məsələdən xəbərimiz var - dedi - narahat olmayın bir illik kirayəniz ödənilib.

Səfirlə mehriban görüşdülər, səfir Saranın əlini öpdü.

Bayaqki kişi və tərcüməçi qadın Saranı aeroporta apardılar. Təyyarədə də onunla bir yerdə uçdular.

Beş saatdan sonra artıq Londondaydılar.

Kral həzrətlərinin avtomobili onları aeroportdan şəhərə gətirdi. Tərcüməçi qadın: - İndi birbaşa kral sarayına gedirik dedi.

Londonun tacqoyma mərasiminə görə al-əlvan bəzənmiş küçələrindən meydanlarından keçərək Kral sarayının qarşısına gəldilər. Sarayın qapılarına çatdılar, tərcüməçi qadın: Qapını döyün indi açarlar - dedi, - özü maşına qayıtdı.

Sara sarayın qapısını döyməyə başladı. Səs çıxmırdı. Bir az da döydü, yenə səs çıxmadı, qanrılıb maşına tərəfə baxdı.

Maşın yoxdu, Saranı vahimə basdı. Tanımadığı böyük şəhərdə, onu müşayiət edənlər də çıxıb gedəndən sonra, dil bilməyə-bilməyə, maaşının da yarısını Tamara almışdısa, neyləyəcəkdi? Gələn maaşa da, vaxtında versələr belə, bir ay qalırdı. İşə düşmədik. Bu da kralın bacısı olmaq. Qapını daha da şiddətlə döyməyə başladı.

Nəhayət, qapının ardından Qulam kişinin xırıltılı səsi gəldi:

- Aç qapını, ləçər, bilirəm evdəsən.

Sara gözlərini açıb xeyli ovuşdurdu. Televizorda İngilis kralı Üçüncü Karl and içdi.

Qapı daha da bərkdən döyülməyə başladı.

 - Aç qapını həyasızın qızı, - bilirəm evdəsən, televizorun səsi aləmi götürüb. Yaxşı, açma, sabah polislə gəlib şələ küləni çölə ataram. Onda ağlın başına gələr.

22 noyabr 2023

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.