Sənət və ədəbiyyat dərgisi

Uşaq və üfiq - Pol Andre

24 May 2022 / 09:05

Uşaq və üfüq

 

Cəbəli-Şəmbinin (Tunisin ən hündür dağı) yaxınlığında yaşayan on yaşlı bir uşaq var imiş.

 

Uşaq olsa da kəndin hər dəlmə-deşiyinə baş vurduğu, bilmədiklərini öyrəndiyi üçün kənd əhli ona "balaca qurd" mənasını verən "Zuibi" ayamasını qoymuşdular. Gah dərənin yanında iki-üç heyvanı qovalayar, gah da qədim kəndin xarabalığında nəsə axtarardı. Ora-bura vurnuxmasının, avara-sərgərdanlığının nəticəsində “böyük xəzinələr” əldə etmişdi: ilan quyruğu, qədim dəmir pul, dəvə sümüyü, ortası deşik daş və başqa şeylər.

Fəqət əsas şakəri üfüqü seyr etmək olduğu üçün xarabaların ən hündür yerinə dırmaşmaq imiş. Öz-özünə deyirmiş ki, “göy üzü ilə yerin birləşdiyi yerdə kəşf olunası nəsə var”. Ürəyində bu arzunu gəzdirirmiş: "üfüqü görmək, ona toxunmaq istəyirəm".

Bir səhər ana-atasından xəbərsiz heybəsini yığıb yola düzəlib. Getməmişdən qabaq babasından soruşub:

– Üfüqdə nə var?

Babası deyib:

– Düzü, bu barədə çox şey bilmirəm, amma bildiyim odur ki, (barmağı ilə dağın ətəyini göstərərək) orda imanlı adamların ömür elədiyi bir kənd var. Çox uzaqda deyil, ancaq yenə də tez qayıt, sən bizim gözümüzün işığısan. Allah sənə yar olsun.

Zuibi heybəsini çiyninə salıb yola düzəlib. Bir neçə saatdan sonra öz kəndlərindən daha gözəl bir kəndə yetişib. Burada evlər daha zövqlə tikilmiş, insanları çox qonaqpərvər və müəzzinin səsi də daha həlim imiş. Müəzzin kəndin mənzərəsini daha yaxşı görə bilsin deyə onu minarəyə qaldırıb.

Uşaq barmağını üfüqə tuşlayaraq soruşub:

– Orda nə var?

Müəzzin deyib:

– Orda xeyli zamandır, kiçik bir qaladan başqa heç nə yoxdur. Burdan ora ikicə saatlıq yoldu. Sənə süd, su və xurma verim get gör, Allah sənə dayaq dursun.

Zuibi qalaya çatıb. Müəzzinin dediyinin əksinə olaraq, sufiyanə həyat tərzi keçirən, gecə-gündüz ibadət edən müdrik qoca ilə rastlaşın. Müdrik qoca uşağı necə lazımdısa, elə qarşılayıb evində qonaq eləyib. Zuibi ona minnətdarlıq edib yatıb.

Səhəri gün dan söküləndə Zuibi qocadan soruşub:

 

 

– Üfüqə çatmağıma hələ çox var?

Qoca gülümsəyərək cavab verib:

– O yeri mən də xeyli vaxtdır axtarıram, hələ ona çata bilməmişəm, ancaq yavaş-yavaş özüm üçün oranın hara olduğunu aydınlaşdırıram.

– Necə ki? – Zuibi soruşub.

– Öz yerimdə – burda qalaraq. Üfüq orda – sən görən yerdə deyil. Necə ki, sənin gördüyün üfüq öz beyninin məhsuludur, eləcə də mənim baxdığım üfüq öz təxəyyülümün nəticəsidir. Hamımız üfüqə çatmaq üçün bir ömür əlləşib-vuruşuruq və ona yetməkdən ötrü çox zülmlərə qatlaşırıq. Çünki o bir sərhəddir. Gələcəkdə bu məsələni özün hamıdan yaxşı başa düşəcəksən. Sənin özündə güc tapıb bura qədər gəlib çıxmağın o deməkdir ki, elə bu yaşından hansısa mərhələyə çatmısan. İndi öz kəndinə geri qayıt. Orda əvvəllər heç zaman görmədiyin bir xeyli yeni üfüqlər görəcəksən.

 

Mənbə: Pol Andre – “Səhra müdriklərinin hekayətləri”

Tərcümə edən: Fərid Hüseyn

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.