Sənət və ədəbiyyat dərgisi

Ən böyük məğlubiyyətə uğrayan yazıçı - Tamam Bayatlı yazır

10 May 2024 / 19:01

Tamam Bayatlı

 

Ən böyük məğlubiyyətə uğrayan yazıçı

 

  Tomas Kleyton Vulf 1900-cı il oktyabrın 3-də Şimali Karolina ştatının dağlıq hissəsindəki Eşvill şəhərində anadan olub. O, qəbirüstü abidələr və baş daşları emalatxanası sahibi Unlyam Oliver Vulfun ailəsində dünyaya göz açan yeddinci uşaq idi. Vulfun valideynləri bir-birinə əks adamlar idi. Atası qıvraq, səsli-küylü, özünə bu dünyanın nemətlərini əsirgəməyən, Şekspir monoloqlarını əzbərdən söyləməyi xoşlayan bir kişiydi. Anası isə hisslərini büruzə verməyi sevməyən, çoxmənalı sükutu üstün tutan və bütün ailə işlərində özünü daim haqlı və düzgün hesab edən təmkinli bir qadındı.

 

  Çoxlarının fikrincə bu ittifaqda atanın səs-küyünü, ananın sakit təbiəti tarazlaşdırırdı. Vulf uşaqlıqdan müşahidə etdiyi bu iki əks qüvvəyə sonralar belə izahat verirdi: bu, əslində, qayda-qanun və rahatlığa olan qadın meyli ilə sərbəstlik və yaradıcılığa can atan kişi təbiəti arasındakı əbədi mübarizənin ifadəsi idi. Yaratdıqlarını real həyatdan götürən Vulf bu iki obrazı (“Öz evinə nəzər sal, mələk” romanında) U. O. və Eliza hant kimi yaşatdı. 1906-cı ildən başlayaraq ata-anasının ayrı yaşaması kiçik Tomun həssas qəlbini böyük qardaşı Benjaminlə ruhən daha sıx bağlamış və o, qardaşının simasında mənəvi doğmalıq tapmışdı. Lakin Benin gənc yaşlarında vərəmdən ölməsi onu bu doğmalıqdan da məhrum etdi. (Tomas Vulf özü də 38 yaşında beyin vərəmindən vəfat etmişdir.)

  1916-cı ildə Vulf Şimali Karolina universitetinə daxil olur. Universitetdəki müəllimləri zəngin təxəyyülü və həssas gəncdə ədəbiyyata dərin maraq oyadırlar və hətta Vulf poeziyaya elə bağlanır ki, çox vaxt mehmanxanalara düşəndə özü üçün ideala çevrilmiş Samuel Teylor Kolericin adı ilə qeyd olunardı. Qardaşının ölümündə hardasa  valideynlərinin də günahını duyan Vulf o evə bir də qayıtmaq istəmir. O, Harvard universitetində dramaturgiyanı öyrənir. Tezliklə özünə məlum olanda ki, ondan dramaturq çıxmayacaq, Tomas hər şeyi atır, Avropaya səyahətə yollanır. Avropada olarkən Vulf uzaqdan-uzağa Amerikanı özü üçün yenidən kəşf edir, özü demişkən “tamamilə özgə bir Amerikanı duyur”. Bu hisslər sonralar onun romanlarında yenidən oyanıb yaşayacaq. Elə Avropada olarkən də o yəqin elə həmin hisslərin təsiri ilə, Amerika haqqında, amerikalılar haqqında və özü haqqında heç bir forma və üslub qəlibinə sığışmayan və ömrünün sonunadək qurtara bilməyəcəyi nəhəng hekayətini yazmağa başlayır. Bu dörd roman, qırxadək hekayə, məktublar və pyeslər şəklində bir hekayətdir. Vulfun dostu və naşiri olan Perkinsin sözləriylə desək, onun əsərlərinin əhatə dairəsi ilə özünün nəhəng bədən quruluşu düz gəlirdi. U.Folkner isə Vulfun yığıb-yığışdırmaq mümkün olmayan əsərlərini başqa Amerika yazıçıları ilə belə müqayisə etmişdir: “... ola bilsin ki, o (Heminquey) bizim aramızda nisbətən bitkin və bütöv əsərlər yarada bilmişdir. Ancaq onlar Vulfun əzəmətli və nəhəng işlərinə bənzəməz – Vulf, necə deyərlər, insan mənəviyyatının bütöv tarixini bir sancaq başına yerləşdirməyə cəhd etmişdir. Təkcə elə “bu bir cəhdinə görə Vulf Amerika ədəbiyyatında ən nəhəng yazıçıdır”.

  Amerikaya qayıtdıqdan sonra xoşbəxt təsadüf nəticəsində naşir Perkinslə sonralar möhkəm dostluğa çevrilmiş tanışlığı onun yazıçılıq fəaliyyətində uğurlu təməl olur. O vaxt Nyu-Yorkun “Çarlz Skribnerz sanz” nəşriyyatının baş bədii redaktoru olan Perkinsin ən böyük arzusu “amerikanın ən böyük romanını” tapıb nəşr etmək idi.

  Henri Volkeninqin xatirələrindən: “Onun “Öz evinə nəzər sal, mələk” romanı ilk dəfə “Skribnerz”in vitrininə qoyulan gün Vulf uşaq kimi vəcdə gələrək, özünün nəql etdiyi kimi, bər-bəzəkli üz qabığı olan kitab qalaqlarının önündə o baş-bu başa addımlayırmış. O həm kitabın tərtibatı, həm də “balasının” vitrində layiq görüldüyü gözəgəlimli yerlə fəxr edirdi. Öz hərəkətləriylə ötüb keçənləri qorxuya salıb, qəribə tərzdə əl-qolunu yelləyir və elə hey mağazalara girərək, kitabının necə alındığını soruşur, əlinə keçən bütün rəyləri acgözlüklə oxuyur, onu tərifləməyənləri lənətləyirdi. Vulf danışırdı ki, bir dəfə avtobusda gedərkən onun kitabını əlində tutmuş bir qızı gördükdən sonra həqiqətən inanıbmış ki, onu oxuyanlar var. Ancaq nə qədər çalışsa da qızla söhbətə başlamağa cürət etməyibmiş. Halbuki həyatında heç vaxt heç nəyi bu qədər çox arzulamayıbmış. Nəhayət, o inanmağa başlayıb ki, onun öz şübhələrinin, bəzilərinin laqeydliyinin, yersiz hücumlarının əksinə olaraq, onun “ilk övladı heç də anadan ölü doğulmayıb, onun özünə və əməyinə inamı bütün dünyanın gözündə özünü doğruldub, ona haqq qazandırıb”.

  Vulf maddi cəhətdən çox korluq çəkirdi və buna görə də bir müddət Nyu-York universitetində müəllimlik edir.

  Henri Volkeninqin xatirələrindən: “O vaxt o (Vulf) kasıb idi, hər halda özünü kasıb sayırdı. Mən ya tək, ya da həyat yoldaşım Natali ilə çox tez-tez onun 11-ci Cənub küçəsindəki, öz diliylə desək, “yuvasına” gedərdim. Orada onun üçotaqlı mənzili vardı ki, onlardan birindən teatr rəssamı Alina Bernstayn (Vulfun hamisi və yaxın adamı – T.B.) studiya kimi istifadə edirdi. Tomun yaşamalı olduğu bütün yerlərdə olduğu kimi burada da ağlagəlməz səliqəsizlik vardı, mebel demək olar ki, gözə dəymirdi, əvəzində isə hər yerdə əlyazmaları, kitablar, tələbələrin yüzlərlə inşa yazıları səpələnmişdi. O, burada qonaqları qəbul edərdi. Çox iri, üstü çirklənmiş masada, müxtəlif ölçülü fincanlarda mütləq çaya qonaq edərdi. Özü də az qala hər qonağa ayrı cür fincan düşürdü. Qəndi isə ya satıldığı qutunun içindən, ya da birbaşa stolun üstündən götürürdük. Özü isə ortada o baş-bu başa addımlayar, onu işdən ayırdığımız üçün həm qəzəbli, həm də xoşbəxt görünərdi...

  O, müəllimlik işini çox sevirdi, amma bununla belə həmişə elə bir günün gəlməsini arzulayırdı ki, müəllimlik etməklə pul qazanmaq məcburiyyətində qalmasın. Tələbələrinin çoxu onun ümidlərini doğrultmurdu, amma onların heç biri haqqında heç vaxt xoşagəlməz söz deməzdi. Tələbələr onu lap cana yığmışdılar, amma o çox səbirliydi, bütün qəlbi və canı ilə işə qapılmışdı və elə canidildən onlarla məşğul olurdu ki, bunu yalnız kor adam görə bilməzdi. Çox vaxt isə onun tələbələrə yazığı gəlirdi...

  O vaxtlar Tomun maddi vəziyyəti ağır idi və kollecdəki işini atmağı yalnız arzulaya bilərdi. (Yeri gəlmişkən, o özünü həmişə kasıb hesab edirdi və deyirdi ki, kasıb ailədəndir, ancaq deyilənə gör,ə atası bir xeyli var-dövlət qoyub getmişdi. Bu var-dövlət sonralar “yox olmuşdu”). O kiçicik otağından səkkizinci avenyuya təzəcə köçmüşdü. Bu otaq əslində, onun öz təsvirinə görə, adam yaşamayan köhnə bir evin çardağıydı. Evin alt mərtəbəsində hər gecə bir yığın avara toplaşırmış və Tom xeyli çətinliklə onları oradan qovurmuş, çünki qorxurmuş ki, yanar, siqaret götüyü atıb təsadüfən onu diri-diri yandırarlar. Qapısının cəftəsini bərkidib “Öz evinə nəzər sal, mələy”i yazırmış – bu əsərin əsas hissəsi elə onda, gecələr, paxla bankası, kofe, siqaret və uzun kölgələrin şahidliyi ilə yazılmışdır.

  ...1929-cu ilin fevral ayında, görünür, nadir hallarda ələ düşən boş axşamlardan birində, o, Harvard klubunda oturub, bizə belə bir məktub yazmışdı: “Henri və Nat üçün nəhəng bir kitab – Qarınqulunun yol bələdçisi, Şirnisevənin stolüstü kitabı – üzərində işləyirəm. Kitabda yeddi ölkə haqqında geniş məlumat verilir oralarda həm içki var, həm yatmaq, həm də elm təqaüdçüləri, taxtabitilər, fəlsəfə doktorları və sair sərsəri parazitlərdən yaxa qurtarmaq yolları. Yapışıqlı bir ad da tapmışam – “Tomun səhvlərindən öyrənin”.

  ... Bir dəfə Vulf mənə “beynində dolanan və bir vaxt yazacağı qəribə mahnı və melodiyalar”dan danışmışdı, – o mahnılar, həqiqətən də, çox qəribə olmalıydı, çünki o, musiqidən nadir hallarda danışardı, elə nadir hallarda da qulaq asardı: nə oxuyar, nə də fit çalardı. Qadınlardan isə tez-tez söz salardı.

  (...) – kişilərin və qadınların yaşadığı iki dünyadan, onların ayrı-ayrı dillərdə danışmağından, bir-birilərini başa düşə bilməmələrindən söhbət edərdi.

  Amma o heç də Don Juan deyildi. Mən həmişə hiss edirdim ki, onun çılğın hərəkətləri yalnız həyat yanğısının doymaz ifadəsidir. Ürəyinin dərinliyində o, insanı mütəəssir edəcək qədər sadəlövhcəsinə evdar idi. O istəyirdi ki, (və ya düşünürdü ki, istəyir) arvadı, evi, uşaqları olsun.

  ...Onun “Zaman və çay haqqında” kitabı çıxdıqda uğur bir göz qırpımında gəldi: Vulf bir müddətə varlandı, hətta bir qədər gen-bol yaşayıb, yeyib-içməyə başladı. Amma bəlalar, deyəsən Tomas Vulfu başqalarına nisbətən daha təkidlə izləyirdi. Onun keçmiş agenti  – Vulf onunla həm hədsiz səxavətli, həm də rəhmsizcəsinə sərt idi – onu məhkəməyə verdi; bundan başqa o, bir böhtan məsələsində də təqsirləndirildi. Bu işdə o, şikayətçidən çox, hövsələsizlik göstərən vəkillərlə vuruşdu, bir vaxt etibar edib öz əli ilə bir cavan oğlana verdiyi əlyazmalarını geri almaq üçün çalışırdı.

  ...1937-ci ilin erkən yayında, axşama yaxın, şimşək çaxan qısamüddətli yağışdan sonra, mən birinci avenyu ilə gedərkən qəfil onu mənzilinin pəncərəsində gördüm, yuxarıda, şəhərin üstündə dayanıb hərarətlə siqaretini tüstülədir, qəflətən açılmış qürubun bütün gözəlliyini acgözlüklə çəkirdi. Mən onun evinə qalxdım, o mənzərənin, “şahanə aydınlığından danışdı və mən hiss etdim ki, onun bütün qəlbi təzələnib – həmin axşam o, həm “aydın” görür, həm də hiss edirdi, bir neçə saatlığa əzablarını da unutmuşdu. Yemək vaxtı planlarından danışdı – Cənuba getmək, Eşvill yaxınlığında bir fermada yaşamaq istəyirdi. Həm də istəyirdi ki, yaxşı zənci xidmətçiləri olsun və evinin girəcəyində belə bir yazı asılsın: “Hamınıza qapı açıqdır, xoş gəlmisiniz, amma silahsız gəlin”.

  Bir dəfə o, ölümdən danışdı və məndən soruşdu ki, heç ömrümdə adamın necə öldüyünü görmüşəmmi; mən deyəndə ki, görmüşəm, xahiş etdi ki, nə görmüşəmsə hamısını təsvir edim. “O – ölən adam heç bir işarə – filan elədimi? – Nə işarə?

  – Nəsə bir şey... – Yox, məncə yox. Məncə, öləndə heç kəsdə elə şeylər olmur”

  ...Tom xəstəxanada, demək olar ki, huşsuz vəziyyətdə olarkən, qardaşı Fred, ona ürək-dirək vermək və ruhlandırmaq üçün deyəndə ki, o mütləq sağalacaq, Tom huşsuzluğun dibindən, yaxınlaşan ölümün qaranlığından cavab verdi: “Mən buna inanıram, inanıram”.

  Unlyam Folkner: “Tomas Vulf – bu insan qüdrətli cəsarətə malik idi və elə yazırdı ki, elə bil yaşamaqdan ötrü vaxtı tükənmişdi”.

  Ceyms Mandelin xatirələrindən: “Yazıçılıq peşəsiylə bağlı Vulfun möhkəm prinsipləri vardı. Ondan ötrü işləmək üçün ən münasib vaxt gecəydi, o vaxt bayırda qaranlıq və sakit olur, həm də onun fikrincə, müntəzəm olaraq gündə on-on beş saat işləmək lazımdır. “Yaradıcılıq işində ilahi təb olmur, – o deyərdi, – Bu çox əzablı işdi, tər tökmək lazım gəlir... Mənim kitabım ilyarımlıq zəhmət tələb etdi”. O belə hesab edirdi ki, yazıçı üçün əsas öz əməyinə inanmaqdır, çünki “inam yoxdursa, yazmaq mümkün deyil, amma əgər inam varsa, bir ömür ərzində iyirmiyədək roman yazmaq olar”.

  Onun masasının üstündə oxunmaqdan səhifələri cırılmış bir kitab vardı. Bu kitab Şekspirin bir cildliyiydi. Elə vaxtlar olurdu ki, o, otaqda uzun-uzadı o baş-bu başa addımlayaraq həmin kitabdan iri parçaları əzbər söyləyərdi. Sonra o təzədən işə başlayardı, özü də elə bir enerjiylə danışardı ki, sözlər onun ağzından güclü sel kimi axıb tökülərdi.

  ...Əsərin səhifələrini çıxarmaq Vulfdan ötrü onun qolunu, ya ayağını kəsib atmaq kimi dözülməz bir şey idi. Naşirlərin onu sakitləşdirmək üçün romanlarından çıxarılmış parçaları ayrıca jurnal variantında buraxırdılar. Ancaq lap ölənədək o, naşirlərin haqlı olmadığına inanırdı.

  ...O, səyahət etməyi nə üçün sevirdi? “İyirmi yaşım olanda, dünyanı gəzib-dolaşmağı arzulayırdım. Ancaq o yaşda hələ hazır olmursan... Hələ fikrin qiymətli şeylər axtarışıyla məşğul olmur.... İndi isə özümü yorğun və əsəbi hiss edərkən, Avropaya yollanıram... Mənim evim isə Nyu-Yorkdur. Bura necə zövq və mədəniyyət mərkəzidir. Kefin nə istəsə, burada taparsan, təki pulun olsun. Pulsuzlarla bu şəhər çox sərt rəftar edir. Mən varlananda, ancaq burda yaşayacağam. Fransada adamlar puldan başqa heç nə haqda düşünmürlər. İtaliyada ondan da betərdi. Almanlar düzgün adamlardı... Biz pulu hara gəldi səpirik, amma avropalılar onun üstündə əsirlər. Amma yalnız Vyana! Vyanalılar yaşamağı bacarırlar, özü də musiqini və Şuberti sevirlər (Vulf Şubertin Hetenin sözlərinə yazılmış bir mahnısını oxumağı sevərdi. O, bu mahnını Vyanada Şubert festivalında eşitmişdi). Hə, vyanalılar dəqiq yaşamağı bacarırlar, – o davam edərdi, – vyanalı ayda yüz iyirmi beş dollar gəlir gətirən mirasa sahib oldumu, o dəqiqə işi atar vaxtını kinolarda, kafelərdə keçirər... Vyananın küçə qadınları da öz peşələrinə görə ən yaxşı küçə qadınlarıdı. Fransada həmin qəbildən olan qadınlar soyuqqanlıdırlar, diribaşdılar və hər dəqiqəsinin qədrini biləndilər. Onların adamı tumarlaması da elə bil sifarişlədir, elə bil sənə xatırladır ki, belə məhəbbətin hər saatı pulnandı. Amerikalı əxlaqsız qadın isə işgüzardı. Onun üçün də vaxt qızıldı. Amma bu qəbildən olan ən yaxşı qadınlar Vyanada yaşayırlar. Onların sığal və tumarları səmimidi, hətta elə bil öz “müştərilərini” bir az da sevirlər də”.

  Vulf heç vaxt sinfə vaxtında gəlməzdi. Şimali Karolina universitetində yuxarı kurslarda ona ədəbiyyat dərsi demiş bir professor mənim bir dostuma danışırdı ki, bu mənfi cəhət Vulfda hələ tələbəlik illərindən var. Tələbələr yığışardılar, yerlərini tutardılar, professor növbəti mühazirəni başlardı, elə burdaca pilləkanlarda gurultu qopardı. Və bilirdik ki, bu Vulfdu, öz ağır çəkmələriylə dəmir pilləkanları taqqıldada-taqqıldada hövlnak sinfə tələsir. Professor bu gurultunun sinifdə doğurduğu səs-küyü yatırmağa heç cəhd də göstərməzdi, o səbrlə gözləyərdi görək bu uzunqıçlı nəhəng nə vaxt sinfə girəcək və keçib oturacaq. Yalnız bundan sonra professor “Hə, bir halda ki, ildırım guruldayıb qurtardı, indi...” – deə  mühazirəsinə davam edərdi. Ancaq bütün bunların Toma heç zərrə qədər də təsiri olmazdı, səhərisi gün o yenə də özünün vaxtında gələrdi. O, tələbə ədəbi jurnalının redaktəsi işinə elə aludə olmuşdu ki, çox nadir hallarda dərsin başlanması vaxtında yadına düşürdü.

  ...Ona xas olan amiranəliyə baxmayaraq, hər halda qəlbinin dərinliyində Vulf utancaq idi. Bir dəfə 1927-ci ildə, bir il sərasər Avropada səyahət etdikdən sonra o, universitetə gəlir və müəllimlər otağına girir. Otaqda çox adam varmış və bərk səs-küy imiş. Vulf orada işləyən tələbəyə yanaşaraq soruşur ki, ona məktub var, ya yox. Tələbə ondan xahiş edir ki, adını desin. O cavab verir: “Vulf”. Yüzlərlə qutunu ötəri nəzərdən keçirən tələbə qısaca deyir: “Sizin adınıza məktub yoxdur”. Burada olmadığı belə uzun müddət ərzində onun adına xeyli məktub yığıldığını çox gözəl bilsə də, Vulf heç nə demir, dönüb gedir. Beləcə, qarşısındakı tanımadığı şəxsin xətrinə dəymədən adi bir vəziyyətdən necə çıxacağını bilməyən bu adam utandığından bir söz belə söyləmir.

  Qarqantuasayağı  xarici görkəminə baxmayaraq, Vulf məndə çox vaxt utancaq bir oğlan uşağı təəssüratı oyadırdı. Daxilən o çox vasvasıydı. Düzgünlüyünə söz ola bilməzdi. Tez-tez məndən soruşardı ki, makina yazıları üçün mənə borcu yoxdur ki. Bu cür qayğılar daim onu üzürdü.

  O, boyunun həddən artıq uzun olmasından çox xəcalət çəkirdi. Həmişə səksəkəliydi ki, yoldan ötən tanımadığı bir kəs onun boyuna baxıb gülə bilər. Uşaqların ona qoyduqları ayamalar ürəyinin yaralayırdı. Bir dəfə mən  ona danışanda ki. kiçik yaşlarımda axsaqlığımın ucbatından nə qədər əzablar çəkmişəm, o da etiraf etdi ki, öz naqolay nəhəngliyindən xəcalət çəkir. O başa düşə bilmirdi ki, başqalarının fiziki çatışmamazlığına necə gülmək olar. “Ancaq gülürlər axı! – o az qala bağırırdı. Hə. bu lap dəhşətlidir, canım, ancaq yenə də gülürlər. Bir çoxları primitivlikdən gülür. Bizim yöndəmsiz fiquramıza gözlərini zilləyərək vəhşicəsinə qəhqəhə çəkirlər. Bizsə heç nə edə bilmirik”. Hər şeyi zarafata salmağa çalışaraq o, qəfil belə bitirdi sözünü: “Nə olsun ki, sən çolaqsan, mən filəm, qəm eləmə onlar da ağıldan kəmdirlər”.

  Vulfun yaxın dostu və naşiri Maksuell Perkinsin dediklərindən: “Deyirlər onun əsərləri formasızdır, amma, məncə, onda forma hissi var idi. Məsələn, bu hiss onun “ Dünyanın hörümçək torunda duyulmurmu? Ümumən götürsək, o nə axtardığını bilirdi və mən tez-tez düşünürəm ki, əgər onun sərəncamında daha 20 il  vaxt və cild-cild kitablar olsaydı, axırdan-axıra o əsl axtardığını tapardı. Ancaq o, daim öz nəhəng bədənini zərif adamlar üçün nəzərdə tutulmuş qapı çərçivələrinə. avtomobil və mebellərə uyğunlaşdırmaq məcburiyyətində qaldığı kimi, öz ifadə üsulunu da ümumi qəbul olunmuş zaman və məkan ölçülərilə uzlaşdırmalı olurdu. Bu ölçülər isə onun naturasıyla olduğu kimi, predmetiylə də düz gəlmirdi.

  ...Əgər Tom öz düşüncələrinə sadiq qalaraq həyatının, təxəyyülünün gücüylə sənət  əsərinə çevrilmiş hekayətini başa çatdıra bilsəydi, məncə ona qarşı “forma ölçüsünün olmaması” kimi ittihamı öz üzərindən götürərdi. Onun bir povesti var – “Dünyanın hörümçək toru”, çox qəlizdir, amma özünə görə bitkindır. Yadımdadır, bir dəfə mən ona dedim: “Burada bir sözü belə dəyişməz olmaz”.

  Bir dəfə Folknerdən soruşanda ki,  Tomas Vulfu müasir Amerika nasirləri sırasında birinci yerə qoymasının səbəbini necə izah edir, o belə cavab vermişdir: ...mənim zənnimcə, adını çəkdiyim bütün yazıçılar (Hemiquey, Dos Passos, Tomas Vulf, Kolduell) mən də daxil olmaqla, öz yaradıcılıqlarında məğlubiyyətə uğramışlar. Bunun səbəbi isə mənim yuxarıda izah etdiyimdir: heç bir əsil yaradıcı insanın və ya şairin nail olduğu heç vaxt ürəyincə olmayıb, hər dəfə məğlubiyyətə düçar olduğundan, hər yeni əsərində öz-özünü ötüb  keçməyə çalışır. Odur ki, mən öz müasirlərimə qazandıqları uğurların böyüklüyünə görə yox, ürcah olduqları məğlubiyyətin gücünə görə qiymət vermişəm. Vulfu da onun yazdıqlarınım dəyərinə görə yox, mütləqliyə can atmaq yanğısına görə birinci yerə qoymuşam. Özümü ikinci hesab etməyimin səbəbi isə odur ki, cəhdlərimdə Vulfdan başqa, qalan bütün yazıçılardan daha tez-tez uğursuzluğa düçar olmuşam.

  

                                                                                                   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.